Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniya II Bundesliqasında növbəti qoluna imza atıb.
Fanat.Az xəbər verir ki, "Kayzerslautern" öz meydanında "Karlsrue"ni qəbul etdiyi dərbidə möhtəşəm qələbə qazanıb — 3:0.
Oyuna ehtiyat oyunçular skamyasında başlayan Mahir Emreli 83-cü dəqiqədə Marlon Ritterin əvəzinə meydana daxil olub. Cəmi 11 dəqiqə (əlavə vaxt daxil olmaqla) meydanda qalan həmyerlimiz matçın nöqtəsini qoymağı bacarıb.
Qarşılaşmanın 90+4-cü dəqiqəsində Norman Bassettenin ötürməsini qola çevirən Mahir komandasının 3-cü topunu rəqib qapısından keçirib.
Bu qələbədən sonra "Kayzerslautern" xallarının sayını 40-a çatdıraraq turnir cədvəlində mövqeyini möhkəmləndirib.
Kamil Xudiyev