EN

ABŞ nin Ukrayna üzrə vasitəçiliyi dalana dirəndi Trampın diqqəti Yaxın Şərqə yönəlib

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün apardığı vasitəçilik cəhdləri faktiki olaraq dalana dirənib.

“AzPolitika” bildirir ki, bu barədə “Financial Times” nəşri ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, prosesin zəifləməsinin əsas səbəblərindən biri Vaşinqtonun diqqətinin Yaxın Şərqdə baş verən hadisələrə yönəlməsidir. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda Ukrayna istiqaməti ikinci plana keçib. Avropalı diplomatların sözlərinə görə, amerikalı rəsmilər ötən həftə Avropa İttifaqındakı həmkarlarına bildiriblər ki, ABŞ Rusiyanın neft sənayesinə qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırmır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov də danışıqlarda fasilə yarandığını etiraf edib. O bildirib ki, ABŞ hazırda başqa prioritetlərə fokuslanıb.

Avropa diplomatlardan biri isə ABŞ-nin diqqətinin Yaxın Şərqə yönəlməsini Avropa İttifaqı və Ukrayna üçün “fəlakət” adlandırıb. Onun sözlərinə görə, Vaşinqton həmçinin Ukraynaya bəzi silahların, xüsusilə hava hücumundan müdafiə sistemlərinin göndərilməsini də gecikdirib. Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bu vəziyyəti ciddi problem kimi qiymətləndirib.

Xatırladaq ki, Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında ilk danışıqlar raundu yanvarın 23–24-də Birləşmiş Ərəb Əmirliklərində, ikinci raund fevralın 4–5-də yenə həmin ölkədə, üçüncü görüş isə fevralın 17–18-də İsveçrədə keçirilib. Növbəti görüşün martın əvvəlində baş tutması planlaşdırılsa da, Yaxın Şərqdə müharibənin genişlənməsi səbəbindən təşkil olunmayıb.

Nəşrin məlumatına görə, Kremlin nümayəndəsi Yuri Uşakov Fransadan gəlmiş nümayəndələrin Avropa İttifaqının danışıqlara qoşulması ilə bağlı təklifini kəskin şəkildə rədd edib. Bildirilir ki, fevral ayında Fransa Prezidentinin müşavirləri Emmanuel Bonne və Bertrand Buşvalter Moskvaya gələrək Uşakovla görüş keçiriblər. Lakin Kreml rəsmisi Avropanın bu prosesdə iştirakına qarşı çıxaraq təklifi sərt formada geri çevirib.

Kremlin sözçüsü Dmitri Peskov isə “Financial Times”a açıqlamasında Avropa ölkələrinin sülh prosesinə kömək etmək istəmədiyini iddia edib. Onun sözlərinə görə, Avropa dövlətləri Ukraynanı müharibəni davam etdirməyə təşviq edir, halbuki Rusiya cəbhədə vəziyyətin öz xeyrinə dəyişdiyinə inanır.

ABŞ Prezidenti Donald Tramp da “NBC News” telekanalına müsahibəsində sülh sazişinin əldə olunmasının əsas maneəsinin Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyi olduğunu bildirib. Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin razılaşmaya hazırdır, lakin Kiyevlə razılıq əldə etmək daha çətindir.

ABŞ Prezidentinin sözlərinə görə, Rusiyanın neftinə qarşı sanksiyaların müvəqqəti yumşaldılması enerji böhranı ilə bağlıdır. O bildirib ki, Hörmüz boğazının bağlanması qlobal enerji bazarında ciddi problemlər yaradıb.

Tramp əlavə edib ki, böhran aradan qalxdıqdan sonra sanksiyalar yenidən bərpa oluna bilər.

Hazırda Hörmüz boğazı Yaxın Şərqdən dünya bazarına neft və qaz daşınan əsas marşrutlardan biri hesab olunur. Bölgədə təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən boğazdan keçməyə çalışan gəmilərə hücumlar qeydə alınır və bu fonda Brent markalı neftin qiyməti 100 dollardan yuxarı qalxıb.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
azpolitika.info

1Sources