EN

Azərbaycan güləşçiləri niyə əvvəlki illərlə müqayisədə daha zəif çıxış etməyə başlayıblar?

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Serbiyanın Zrenyanin şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı başa çatıb. Turnir Azərbaycan güləşi üçün xoşagəlməz tendensiyanın davam etdiyini göstərib. Belə ki, 2023-cü ildən başlayaraq keçirilən son dörd U-23 qitə çempionatında Azərbaycan yığması getdikcə daha az qələbə qazanır.

Elmin Əliyev

2022-ci ildə Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatında yunan-Roma güləşçilərimiz, sərbəst güləşçilərimiz və qadın güləşçilərimiz birlikdə yeddi qızıl medal qazandıqdan sonra nəticələr aşağı düşməyə başlayıb.

2023-cü ildə Buxarestdə keçirilən çempionatda altı qızıl medal əldə olunmuşdu. Bir il sonra Bakıda baş tutan Avropa çempionatında bu göstərici beşə enmişdi. 2025-ci ildə Tiranada dörd qızıl medal qazanılmışdı, indi isə Zrenyanində bu rəqəm üçə düşüb.

Bu dəfəki Avropa çempionatında qazanılan üç qızıl medaldan birini legioner sərbəst güləşçi Əli Tsokayev (92 kq) əldə edib. Həmçinin qadın güləşçi Günay Qurbanova (59 kq) və yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Əli Tsokayev

Diqqət çəkən məqam ondan ibarətdir ki, üç çempionumuzun hamısı qeyri-olimpiya çəki dərəcələrində qalib gəlib. Bu isə həmin qələbələrin əhəmiyyətini müəyyən qədər azaldır, çünki qeyri-olimpiya çəkilərində rəqabət səviyyəsi xeyli aşağı olur.

U-23 Avropa çempionatları 2015-ci ildən keçirilir. Qızıl medalların sayına görə Azərbaycan üçün ən uğurlu turnirlər 2022 və 2023-cü illər olub - müvafiq olaraq yeddi və altı birinci yer. Bu da təsadüfi deyil. Məhz həmin illərdə Rusiya idmançıları yarışlara buraxılmırdı.

2024-cü ildə rusiyalı güləşçilər neytral idmançı statusunda yarışlara qayıtdılar, bu ildən isə artıq öz bayraq və himnləri ilə çıxış edirlər. Zrenyanində Rusiya 30 qızıl medalın 11-ni qazanaraq turnirin ən uğurlu komandası olub. Azərbaycan güləşçilərində isə hər il qələbələrin sayı azalır.

Şimal qonşularımız yarışlardan kənarlaşdırılmaya baxmayaraq, mövqelərini itirməyiblər. Azərbaycan güləşi isə təəssüf ki, yerində sayır və nəticələrə əsasən hətta geriləmə də müşahidə olunur.

Bunun sübutu kimi 2024-cü ildə Parisdə keçirilən Olimpiadada və 2025-ci ildə Ər-Riyadda baş tutan İslam Həmrəyliyi Oyunlarında uğursuz çıxışları, eləcə də böyüklər arasında dünya çempionatlarında olimpiya çəki dərəcələrində uzun illərdir qızıl medalın qazanılmamasını göstərmək olar.

Sonda Serbiyada keçirilən U-23 Avropa çempionatında Azərbaycan yığmasının bütün medalçılarının adlarını təqdim edirik.

Sərbəst güləş:

Qızıl - Əli Tsokayev (92 kq)

Gümüş - Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq)

Bürünc – Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq)

Qadın güləşi:

Qızıl - Günay Qurbanova (59 kq)

Gümüş - Gültəkin Şirinova (55 kq), Ruzanna Məmmədova (62 kq)

Yunan-Roma güləşi:

Qızıl - Elmin Əliyev (82 kq)

Gümüş - Fərid Sadıxlı (55 kq)

Bürünc - İlkin Qurbanov (63 kq), Fərid Xəlilov (67 kq), Fəraim Mustafayev (72 kq)

Mənbə: Haqqin.Az

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
1
icma.az

2Sources