Hindistan və Pakistan arasında həftəsonu Əfqanıstanda gərginləşən döyüşlərlə bağlı sərt bəyanatlar verilib.Metbuat.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval şənbə günü X sosial şəbəkəsində paylaşım edərək, Pakistanın Əfqanıstan ərazisinə endirdiyi hava zərbələrini pisləyib. O bildirib ki, bu addım Pakistan hakimiyyətinin suveren Əfqanıstan ideyasına qarşı növbəti aqressiv hərəkətidir. Bu açıqlamaya İslamabaddan da operativ reaksiya gəlib. Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi Hindistanın mövqeyini “utanverici ikiüzlülük” adlandıraraq, Yeni Delhini Əfqanıstan ərazisində terroru dəstəkləməkdə ittiham edib. O bildirib ki, Hindistanın Əfqanıstandakı “terror şəbəkəsinin” sıradan çıxarılması fonunda narahatlıq keçirməsi başadüşüləndir.Pakistan və Əfqanıstan arasında son həftələrdə qarşıdurma daha da dərinləşib. İslamabad fevral ayında Əfqanıstana qarşı “açıq müharibə” elan edib və ölkə daxilində, o cümlədən paytaxt Kabildə hərbi və digər obyektlərə zərbələr endirib. Yaxın Şərqdəki daha geniş böhran fonunda bu toqquşmalar beynəlxalq diqqətdən nisbətən kənarda qalsa da, regionda sabitliyin daha da pozulması riskini artırır.Məlumata görə, Pakistanla Əfqanıstan arasındakı münasibətlərin pisləşməsi, həmçinin Kabulun Hindistanla yaxınlaşması ilə də əlaqələndirilir. İslamabad Yeni Delhini həm Pakistan, həm də Əfqanıstan Talibanını dəstəkləməkdə günahlandırır. Hindistan isə bu ittihamları rədd edir. Eyni zamanda, Əfqanıstan və Hindistan Pakistanı kənarda qoyacaq yeni ticarət marşrutlarının açılması ilə bağlı müzakirələri gücləndirib.Həftəsonu sərhəd boyunca qarşılıqlı atəş də davam edib. Pakistan cümə günü İslamabad və daha iki şəhər yaxınlığında Əfqanıstan Talibanı tərəfindən buraxıldığı iddia edilən dronları vurduğunu açıqlayıb. Əfqanıstan isə Pakistanın ölkə ərazisinin dərinliklərində hücumlar həyata keçirdiyini bəyan edib.Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir daha əvvəl bildirmişdi ki, Kabul silahlı qruplara dəstəyi dayandırmayınca əməliyyatlar dayanmayacaq.Xatırladaq ki, Çin bu ayın əvvəlində sülh danışıqlarını təşviq etmək məqsədilə Əfqanıstana xüsusi nümayəndə göndərib. Bundan əvvəl Qətər və Türkiyənin vasitəçiliyi ilə ötən ilin oktyabrında əldə olunan atəşkəs sonradan pozulub.