EN

Özəl pensiya fondları ilə bağlı VACİB AÇIQLAMA: Əgər təqaüdünüzün bir hissəsini öncədən alsanız…

Azərbaycanda özəl pensiya fondlarının yaradılması və vətəndaşlara pensiya kapitalının müəyyən hissəsini əvvəlcədən götürmək imkanının verilməsi müzakirə olunan əsas məsələlərdən biridir. Yeni mexanizmə görə, vətəndaşlar yığdıqları pensiya kapitalının 50-70 faizini pensiya yaşına çatmadan istifadə edə biləcəklər. Lakin bu imkanın gələcəkdə pensiya təminatına necə təsir edəcəyi ilə bağlı müxtəlif suallar yaranır. Görəsən, pensiya kapitalının böyük hissəsinin əvvəlcədən götürülməsi gələcəkdə vətəndaşların aylıq pensiya məbləğinin azalmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, pensiya kapitalının böyük hissəsinin əvvəlcədən çıxarılması sonrakı dövrdə ödənilən pensiyanın həcminə birbaşa təsir göstərir.

İqtisadçı

Onun sözlərinə görə, özəl pensiya sistemi əsasən yığılmış kapital və həmin kapitalın gətirdiyi gəlirlər əsasında formalaşır. Buna görə də kapitalın müəyyən hissəsinin əvvəlcədən götürülməsi pensiya yaşına çatdıqda yığılmış məbləğin azalması ilə nəticələnəcək.

“Vətəndaşlar pensiya kapitalının 50–70 faizini əvvəlcədən götürdükdə, onların gələcəkdə alacaqları aylıq pensiya məbləği də azalacaq. Çünki pensiya sistemində ödənişlərin həcmi birbaşa yığılmış kapitalın miqdarından asılıdır”, – deyə o, qeyd edib.

Ekspert vurğulayıb ki, bu imkan vətəndaşlara cari maliyyə ehtiyaclarını qarşılamaq üçün faydalı ola bilər. Lakin uzunmüddətli perspektivdə pensiya gəlirlərinin azalması riskini də nəzərə almaq lazımdır.

Akif Nəsirlinin sözlərinə görə, gələcək aylıq pensiya məbləği həm əvvəlcədən götürülən vəsaitin həcmi, həm də pensiya fondlarının investisiya gəlirliliyi və faizlərindən asılı olacaq.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
35
1
konkret.az

2Sources