EN

BƏƏ Prezidenti 2026-cı ili "Ailə ili" elan edib

Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanın göstərişlərinə əsasən, bu il "Ailə ili" elan edilib.

Hafta.az yazır ki, bu barədə BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd əl-Bluşi deyib.

Ölkəsinin 2026-cı il üçün vizyonu haqqında danışan diplomat deyd edib ki, dövlət başçısı Əlahəzrət Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanın göstərişlərinə əsasən, bu il "Ailə ili" elan edilib, çünki ailə cəmiyyətin möhkəm və birləşmiş şəkildə qurulmasının əsas dayağıdır: "Belə ki, 1971-ci ildə dövlət yaradıldığından bəri, ailə rəhbərliyin əsas diqqət mərkəzi və prioriteti olub. Buna görə də, BƏƏ Konstitutsiyası maddələrində ailənin hüquqlarının qorunması, onun müdafiəsi və himayəsi məsələlərinə xüsusi önəm verib. Bu, Qurucu Ata Şeyx Zayed bin Sultan əl-Nəhyanın "Ailə istənilən güclü cəmiyyətin təməlidir" dediyi ölməz kəlamından aydın olur. Bu sözlər Birləşmiş Ərəb Əmirliklərinin tərəqqisinin və inkişaf yolunun əsasını əks etdirir. Heç bir sivilizasiya möhkəm bir ailə üzərində qurulmadan inkişaf edə bilməz və heç bir vətən, dəyərlərinə, adətlərinə və mədəniyyətinə sahib çıxan maarifli bir cəmiyyət olmadan çiçəklənə bilməz.

Ötən illərin təşəbbüsləri dövlətin regional və qlobal səviyyədə lider mövqeyini möhkəmləndirib. Lakin bu ilin təşəbbüsü, Əmirlik cəmiyyətinin ilkin və əsas özəyi ilə bağlı olduğuna görə, misilsiz əhəmiyyət kəsb edir. Bu, bütövlükdə cəmiyyətin nailiyyətlərini gücləndirmək və onların əsasında ölkədə ailənin dəstəklənməsi ilə bağlı hədəflərin həyata keçirilməsinə nail olmaq üçün təsis edilmiş milli strateji baza üzərində qurulub".

Bu prinsip “Əmirlik Ailələrinin İnkişafı üzrə 2031-ci ilə qədər Milli Gündəlikdə” təcəssüm olunur. Həmçinin ailənin, Əmirlik cəmiyyətini səciyyələndirən əməkdaşlıq, ünsiyyət və qarşılıqlı həmrəylik kimi köklü dəyərlərin aşılanmasındakı rolu və bu dəyərlərin davamlılığının qorunması məqsədilə onların gələcək nəsillərə ötürülməsi də nəzərdə tutulur. BƏƏ və onun müdrik rəhbərliyi öz görkəmli təşəbbüslərinin müsbət nəticələrinin davamlılığını təmin etməyə xüsusi diqqət yetirir. Bu ilki “Ailə ili” təşəbbüsü onun fəaliyyətinin idarə olunmasını və onu aktivləşdirmək üçün institusional yanaşmanın tətbiqini əhatə edir. Buna görə də, Əmirlikdə Ailə İşləri Nazirliyi, ailənin böyüməsi ilə məşğul olan 20-dən çox federal və yerli hökumət qurumundan ibarət milli işçi qrupu vasitəsilə təşəbbüsü həyata keçirmək üçün bütün müvafiq sektorlarla əməkdaşlıq edir.

Diplomat əlavə edib: “Mübarək Ramazan ayı "Ailə İli" təşəbbüsünü gücləndirmək üçün gəldi. Bu ay şəfqət, həmrəylik və ictimai əlaqə dəyərlərinin təzahür etdiyi və ailə bağlarının ruhunu gücləndirdiyi bir aydır. Bu, ailə üzvlərinin gündəlik həyatın məşğuliyyətləri arasında eyni vaxtda - “iftar zamanı” bir araya gəlməsi üçün fürsətdir. Bu vaxt söhbət etməyə imkan verir, əlaqələri möhkəmləndirir və ailələrdə birlik hissini dərinləşdirir. Bu ay ibadəti, mənəvi dəyərləri və ictimai əlaqələri birləşdirən bir aydır. Bu, hər il təkrarlanan, ailə münasibətlərini sevgi, əməkdaşlıq və hörmət əsasları üzərində yenidən qurmaq üçün dəyərli bir fürsətdir. Onun təsiri xüsusi olaraq ailədə, ümumilikdə isə cəmiyyətdə əks olunur. Ailə İli bizə xatırladır ki, bu gün ailələrimizə göstərdiyimiz qayğı, ünsiyyət və həmrəylik daha güclü bir cəmiyyət, daha firavan bir millət və uşaqlarımızın arzularına layiq bir gələcək yaradacaq".

Chosen
56
3
hafta.az

4Sources