Bakı, 16 mart, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyinin informasiya ehtiyatlarının daha əlçatan və rahat istifadəsini təmin etmək məqsədilə Agentliyin internet saytına xüsusi müyəssərlik (əlçatanlıq) menyusu inteqrasiya edilib. Bu, istifadəçilərin fərqli ehtiyaclarını nəzərə alaraq internet saytın istifadəsini daha rahat edir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, xüsusi müyəssərlik menyusu vasitəsilə istifadəçilər müxtəlif vizual və funksional tənzimləmələrdən istifadə edə bilirlər. Bu imkanlar xüsusilə görmə zəifliyi olan və ya xüsusi ehtiyacları olan istifadəçilərin sayt məzmununa daha rahat çıxış əldə etməsinə kömək edir.
Menyu şrift ölçüsünün artırılması, kontrast rejiminin dəyişdirilməsi, rəng və vizual görünüşün optimallaşdırılması, oxunaqlığın vizual tənzimlənməsi kimi imkanları təmin edir.
Bu modul tamamilə Agentliyin daxili resursları hesabına hazırlanıb və internet saytın mövcud infrastrukturu ilə inteqrasiya olunub. Həllin tətbiqi nəticəsində saytın əlçatanlıq səviyyəsi yüksəldilib.
Tətbiq edilən yeni funksional xidmət Agentliyin informasiya ehtiyatlarından daha geniş auditoriya tərəfindən istifadəni təmin etməklə yanaşı, əlilliyi olan şəxslər üçün əlçatanlığın təmin edilməsi məqsədilə müasir veb-standartlarına uyğun inklüziv və əlçatan rəqəmsal mühitin formalaşdırılmasına töhfə verir.