EN

“Oskar-2026”da QALMAQAL: İspan aktyoru səhnədə "azad Fələstin" dedi – VİDEO

Oskar-2026 mərasimində siyasi bəyanat qalmaqala səbəb olub. İspan aktyoru Xavyer Bardem mükafatı təqdim etməyə çıxarkən səhnədə açıq şəkildə Fələstinlə bağlı mövqeyini ifadə edib.

Bizim.Media xarici agentliklərə istinadən xəbər verir ki, 57 yaşlı ispan aktyoru Xavyer Bardem “Ən yaxşı beynəlxalq film” mükafatını təqdim etməyə hazırlaşarkən gözlənilməz açıqlama verib. Onun pencəyində iki nişan diqqət çəkib: biri “No a la guerra” (“Müharibəyə yox”), digəri isə “Free Palestine” (“Azad Fələstin”) yazısı ilə.

Bardem qırmızı xalçada The Hollywood Reporter nəşrinə verdiyi açıqlamada deyib:

“Biz 23 il sonra yenə qanunsuz bir müharibə ilə üz-üzəyik. Bu müharibə Tramp və Netanyahu tərəfindən başladılıb. Rejimi devirmək üçün yenə yalanlara əl atılır. Onların dəhşətli addımları vəziyyəti daha da radikallaşdırır. Bu, həm də Fələstin müqavimətinin simvoludur”.
 

“Oskar-2026” mərasimində siyasi mesaj verən tək şəxs Bardem olmayıb. ABŞ-lı aktivist Qlennon Doyl qırmızı xalçaya üzərində “F ICE”* yazılmış qara klatç ilə çıxıb. Onun həyat yoldaşı, sabiq futbolçu Ebbi Vambax isə “ICE OUT” yazılı nişan taxıb.


Britaniyalı aktrisa Şaritira Çandran da aksiyaya qoşularaq Qəzzada atəşkəs çağırışı olan qırmızı nişan taxıb. 

O bildirib: “Platformamın olması məni xoşbəxt edir və edə biləcəyim minimum şey budur. Xəbərlər tez dəyişir, amma Qəzza və Qərb Sahilində insanlar hələ də əziyyət çəkir”.

Qəzza ilə bağlı mövqelərini ifadə edənlər arasında “The Voice of Hind Rajab” filminin aktyorları Sadja Kilani və Amer Xlel də olub. Film altı yaşlı fələstinli qızın öldürülməsinə həsr edilib. 

Kilani deyib: “Hazırda heç bir atəşkəs yoxdur, bombardmanlar davam edir. Dağıntılar və insanların məcburi köçü hər yerdədir — Fələstin, Livan, İran, Venesuella. Biz daimi atəşkəs tələb edirik”.
 

Bizim.Media

Chosen
34
2
bizim.media

3Sources