Yaxın Şərqdə baş verən son hadisələr göstərir ki, İran ətrafında formalaşan qarşıdurma artıq yalnız klassik hərbi münaqişə çərçivəsində izah edilə bilməz. ABŞ və müttəfiqlərinin tətbiq etdiyi strategiya daha çox çoxqatlı təzyiq mexanizminə əsaslanır.
Bu strategiya hərbi əməliyyatları, iqtisadi təzyiqi, enerji infrastrukturlarına nəzarət cəhdlərini və informasiya müharibəsini eyni vaxtda özündə birləşdirir. ABŞ prezidenti Donald Trampın İranın Xark adasındakı neft terminalının ələ keçirilməsi ehtimalını gündəmə gətirməsi də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Xark adası İranın neft ixracının əsas qovşaqlarından biri hesab olunur və bu obyekt faktiki olaraq ölkənin enerji sisteminin strateji mərkəzlərindən biridir. Belə bir obyekt üzərində nəzarətin itirilməsi Tehran üçün yalnız iqtisadi zərbə deyil, eyni zamanda siyasi və geosiyasi təsir imkanlarının zəifləməsi demək olardı.
Bu baxımdan Vaşinqtonun strategiyası İranın hərbi gücünü birbaşa məhv etməkdən daha çox onun iqtisadi və logistika damarlarını sıxmağa yönəlmiş kimi görünür. Enerji ixracı İran iqtisadiyyatının əsas dayaqlarından biri olduğu üçün neft terminalları, dəniz marşrutları və boğazlar üzərində nəzarət məsələsi kritik əhəmiyyət daşıyır. Xüsusilə Hörmüz boğazı dünya neft ticarətinin böyük hissəsinin keçdiyi strateji məkan olduğuna görə burada baş verən hər hansı hərbi və ya siyasi gərginlik dərhal qlobal bazarlara təsir göstərir. ABŞ-nin digər ölkələri bu boğazın təhlükəsizliyinə cəlb etməyə çalışması da təsadüfi deyil. Bu addım bir tərəfdən beynəlxalq koalisiyanın formalaşdırılması cəhdidir, digər tərəfdən isə məsuliyyətin bölüşdürülməsi vasitəsidir. ABŞ beləliklə göstərmək istəyir ki, boğazın təhlükəsizliyi yalnız Vaşinqtonun deyil, bütün enerji istehlakçısı dövlətlərin ortaq marağıdır.
Eyni zamanda son açıqlamalarda İranın hərbi imkanlarının zəiflədiyi, ordusunun ciddi itkilər verdiyi və müqavimət potensialının azaldığı barədə iddialar da diqqət çəkir. Bu tip açıqlamalar yalnız hərbi vəziyyət haqqında məlumat vermək məqsədi daşımır. Onlar həm də psixoloji və informasiya müharibəsinin tərkib hissəsidir. Müharibələrdə tərəflər yalnız fiziki zərbələrlə deyil, eyni zamanda informasiya sahəsində də üstünlük əldə etməyə çalışırlar. İranın “dezinformasiya və media manipulyasiyası” vasitələrindən istifadə etdiyi barədə səsləndirilən ittihamlar da bu kontekstdə qiymətləndirilə bilər. Xüsusilə süni intellekt texnologiyalarının informasiya müharibəsində istifadə olunması ehtimalı haqqında fikirlər yeni bir mübarizə mərhələsinin başlandığını göstərir.
Bundan başqa, regiondakı digər cəbhələr də bu böyük qarşıdurmanın hissəsinə çevrilmiş vəziyyətdədir. İsrail və Hizbullah arasında Livan istiqamətində davam edən gərginlik Yaxın Şərqdə çoxsaylı paralel münaqişə xəttinin formalaşdığını göstərir. Bu isə vəziyyəti daha mürəkkəb edir. Çünki belə bir şəraitdə hər hansı lokal qarşıdurma sürətlə regional böhrana çevrilə bilər. İsrailin Livan istiqamətində hərbi əməliyyatlarda istədiyi nəticəni əldə etməməsi barədə xəbərlər göstərir ki, bölgədə qüvvələr balansı hələ də tam dəyişməyib və münaqişə uzunmüddətli xarakter ala bilər.
Digər tərəfdən Qərb blokunun daxilində də bu qarşıdurma ilə bağlı vahid mövqe tam formalaşmış sayılmır. Bəzi ölkələrin Hörmüz boğazında hərbi əməliyyatlara qoşulmaqdan çəkinməsi göstərir ki, regionda baş verə biləcək genişmiqyaslı müharibənin nəticələri Qərb ölkələri üçün də ciddi risklər yaradır. Enerji qiymətlərinin kəskin artması, qlobal ticarət yollarının təhlükə altına düşməsi və yeni qaçqın dalğalarının yaranması kimi faktorlar bir çox dövlətləri daha ehtiyatlı davranmağa məcbur edir.
Nəticə etibarilə, İran ətrafında formalaşan vəziyyət yalnız iki dövlət arasındakı qarşıdurma kimi qiymətləndirilə bilməz. Bu, daha geniş geosiyasi proseslərin tərkib hissəsidir. Enerji marşrutları üzərində nəzarət, regional təhlükəsizlik arxitekturasının dəyişməsi və böyük dövlətlər arasında strateji rəqabət bu münaqişənin əsas komponentlərinə çevrilib.
Mövcud proseslər göstərir ki, Yaxın Şərqdə formalaşmaqda olan yeni balans yalnız hərbi əməliyyatların nəticəsi ilə deyil, həm də iqtisadi, siyasi və informasiya mübarizəsinin nəticələri ilə müəyyən olunacaq. Bu isə regionun gələcəyinin hələ uzun müddət qeyri-müəyyən qalacağını göstərir.
Alim Nəsirov