EN

Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası ilə birləşməsi beynəlxalq yükdaşımalar üçün regionun tranzit imkanlarını genişləndirəcək

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ermənistanla sülh əldə olunduqdan sonra Orta dəhliz çərçivəsində yeni marşrutun yaradılması üzərində iş aparılır. Bu dəhlizin Ermənistan ərazisindən keçməsi ölkənin ilk dəfə tranzit ölkəyə çevrilməsinə imkan verə bilər. Layihə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat, enerji və rabitə xətlərinin qurulmasını nəzərdə tutur. Bu təşəbbüs regionda ticarət, nəqliyyat axınları və iqtisadi əməkdaşlıq imkanlarını artıraraq ölkələr arasında əlaqələri gücləndirə bilər.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata verdiyi bəyanatlarda qeyd edib ki, bölgədə kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas ərazisinin ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşməsi beynəlxalq yükdaşımalar üçün regionun tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.

Müşfiq Cəfərov

“Vaşinqtonda əldə edilmiş razılaşmalara əsasən regionda açılacaq yeni marşrut Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək və onun qlobal nəqliyyat şəbəkəsində rolunun artmasına töhfə verəcək. Dövlətimiz Ermənistan istiqamətində yük tranziti ilə bağlı işğal dövründən qalan bütün məhdudiyyətləri aradan qaldırmaqla, bu istiqamətdə mühüm töhfə verib. Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınması bu baxımdan atılmış ilk praktiki addımdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu, sülhün artıq yalnız sənədlərdə deyil, real həyatda da tətbiq olunduğunu göstərir”,– deyə Müşfiq Cəfərov qeyd edib.

Deputat bildirib ki, bölgədə kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası ilə birləşməsi beynəlxalq yükdaşımalar üçün regionun tranzit imkanlarının genişlənməsinə xidmət edəcəyi şübhəsizdir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
bizimyol.info

1Sources