EN

Multikulturalizmin təkmilləşdirilməsinə doğru

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rəşad İlyasov

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analitika şöbəsinin müdiri, fəlsəfə doktoru

Azərbaycan Prezidenti cənab İlham Əliyev 20 fevral 2026-cı il tarixində media, sosial tədqiqatlar, multikulturalizm və beynəlxalq münasibətlərin təhlili sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzaladı. Multikulturalizm və beynəlxalq münasibətlərin təhlili üzrə fəaliyyət göstərən mərkəzlərin bir ad altında birləşdirilməsi məhz bu təkmilləşdirmə prosesinin əsas mahiyyətini təşkil edir.

İlkin olaraq qeyd etmək lazımdır ki, elmi ədəbiyyatda multikulturalizm əsasən dövlət siyasəti kimi təqdim olunur. Azərbaycanda olduğu kimi digər multikultural ölkələrdə də bu tendensiya, eyni zamanda həyat tərzi olaraq siyasi-hüquqi tənzimləmədə dövlət siyasəti istiqamətində özünü göstərir. Bu baxımdan beynəlxalq münasibətlərin təhlili ilə multikulturalizmin qarşılıqlı əlaqədə inkişafı və təkmilləşdirilməsi son dərəcə mühüm əhəmiyyət daşıyır.

Multikulturalizm məzmun və mahiyyət etibarilə interdisiplinar sahədir və siyasi tənzimləmə ilə birbaşa bağlıdır. Təsadüfi deyil ki, fərmanda multikulturalizmin strateji məzmunu və mahiyyəti belə ifadə olunur: “Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) elmi-təhlili materiallarla təmin edilməsi sahəsində fəaliyyət göstərən, habelə azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən publik hüquqi şəxsdir”.

Prezident İlham Əliyevin təşəbbüsü ilə hər iki qurumun nəzəri və praktiki potensialının birləşdirilməsi idarəetmənin təkmilləşdirilməsi baxımından mühüm nəticələr verəcəkdir. Müasir dövrdə multikulturalizmin dövlət siyasəti kimi daha sistemli şəkildə tənzimlənməsi Azərbaycanın etno-mədəni situasiyasının öyrənilməsinə və ölkəmizin dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanıdılmasına əlavə imkanlar yaradacaqdır.

Qeyd etmək lazımdır ki, multikultural tərkibli ölkələrin mövcudluğu tarix baxımından çox qədim dövrlərə gedib çıxır. Lakin onun konseptual şəkildə formalaşması nisbətən son dövrlərə təsadüf edir. Mədəni, sosial-iqtisadi və fiziki fərqliliklərin yaratdığı müxtəlifliklərə qarşı həssaslıq və tolerantlıq fəlsəfəsi müasir cəmiyyətlərdə  əhəmiyyət kəsb edir. Multikulturalizmin əsas mahiyyəti cəmiyyət daxilində müxtəlif etnik və mədəni qrupların mövcudluğunu və onların qarşılıqlı harmoniyasını ehtiva edir. Bu baxımdan multikulturalizmin təkmilləşdirilməsi istiqamətində bəzi mülahizələri sistemli şəkildə belə təqdim etmək olar.

1. Multikultural situasiya və təhlükəsizlik

Azərbaycandakı multikultural situasiya Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycanda multikulturalizm həyat tərzi və dövlət siyasətidir” prinsipi ilə xarakterizə olunur. Çoxmədəniyyətlilik Azərbaycan kimliyinin formalaşmasında, mədəni inkişafında və ictimai şüurda mənimsənilməsində əsas amillərdən biridir.

Azərbaycançılıq məfkurəsi əsasında ölkədə mövcud olan etno-mədəni mühit multikultural həyat tərzimizin əsasını təşkil edir. “Etnoqrafiya muzeyi” kimi səciyyələndirilən Azərbaycan, müxtəlif xalqların və mədəniyyətlərin birgə yaşayış məkanına çevrilmişdir və bu, milli kimlik siyasətinin də əsas istiqamətlərindən biridir.

Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da multikulturalizm dövlət siyasəti kimi həyata keçirilir. Bu siyasət müxtəlif dini və milli icmaların dövlət tərəfindən tanınmasını və onların bərabərhüquqlu şəkildə siyasi-hüquqi sistemdə iştirakını nəzərdə tutur. Başqa sözlə, titul xalq da daxil olmaqla heç bir etnos hüquq qarşısında digərindən üstün imtiyaza malik deyil.

Bu çərçivədə “multikultural vətəndaşlıq” və “konstitusional vətəndaşlıq” anlayışları xüsusi əhəmiyyət kəsb edir. Multikultural vətəndaşlıq ölkə daxilində yaşayan müxtəlif etnosların mövcudluğunu və onların etno-mədəni inkişaf xüsusiyyətlərini ehtiva edir. Konstitusional vətəndaşlıq isə hər kəsin qanun qarşısında bərabərliyini təmin edir. Bu baxımdan heç bir milli və ya dini icma siyasi təşkilatlanma formasında çıxış edə bilməz; lakin dövlət onların mədəniyyətlərini inkişaf etdirmələri üçün lazımi şərait yaradır.

Ölkədə yaşayan etnik qrupların və  konfessiyaların qorunması milli təhlükəsizliyin mühüm elementlərindən biridir. Multikultural təhlükəsizliyi təmin edən əsas amil vahid dövlət daxilində mövcud olan etnik və dini müxtəlifliyin qorunması və inkişaf etdirilməsidir. Azərbaycanda rəsmi məlumatlara görə 18, qeyri-rəsmi məlumatlara görə isə 35-ə yaxın etnik qrup yaşayır. Multikulturalizmin həyat tərzi və dövlət siyasəti kimi tətbiqi bu reallıqla sıx bağlıdır.

Multikulturalizm siyasəti eyni zamanda ölkənin demokratik inkişafının mühüm tərkib hissəsidir. Azərbaycanda yaşayan etnik qrupların və konfessiyaların hüquq və azadlıqlarının, eləcə də etnik-mədəni və dini dəyərlərinin qorunması insan hüquq və azadlıqlarının təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Konstitusiyasının “Milli mənsubiyyət hüququ” adlı 44-cü maddəsində qeyd olunur: “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”.

2. Maarifçilik missiyası

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis edildiyi 15 may 2014-cü il tarixindən etibarən Azərbaycanda yaşayan etnik qrupların mədəni irsi və kimliyinin öyrənilməsi istiqamətində müxtəlif tədbirlər, dəyirmi masalar və beynəlxalq konfranslar təşkil etmişdir.

Qafqaz Albaniyası və udilər, Azərbaycanda yaşayan yəhudilərin tarixi, Qarabağ və Şərqi Zəngəzurda yerləşən alban abidələri, eləcə də digər etnik qrupların mədəni irsi ilə bağlı çoxsaylı videoçarxlar hazırlanmışdır. Bu materiallar ləzgi, avar,talış, axısqa türkləri, kürdlər, tatlar, saxurlar, tatarlar, molokanlar, ingiloylar və digər etnik qrupların mədəniyyətini əhatə edir.

2022-ci ildə Qurban Səidin məşhur “Əli və Nino” əsəri Multikulturalizm mərkəzinin dəstəyi ilə Azərbaycanda yaşayan etnik qrupların dillərinə – ləzgi, talış və udi dillərinə tərcümə edilmişdir. 2023-cü ildə əsər tat dilinə, 2025-ci ildə isə ukrayna dilinə tərcümə olunmuşdur.

Mərkəz 2016-cı ildə “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, 2021-ci ildə isə “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı antologiyaları nəşr etmişdir. Hazırda seriyanın sonuncu kitabı olan “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” kitabı üzərində iş tamamlanmaq üzrədir. Bu kitablarda Azərbaycan ədəbiyyatı və elmi-fəlsəfi və siyasi-hüquqi fikrinin müxtəlif  nümunələrində multikultural və tolerant ideyaların təcəssümünə dair sitatlar, faktlar və iqtibaslar yer alır.

Ümumiyyətlə, Azərbaycanda mövcud olan etnik və dini müxtəlifliklə bağlı maarifçilik tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Etnomədəni təmasların davamlı saxlanılması, ölkənin müxtəlif bölgələrində yaşayan icmalarla bağlı dəyirmi masaların və görüşlərin keçirilməsi dövlət siyasəti və milli təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir.

Yeni təsis edilən qurumun təkmilləşdirmə strategiyası çərçivəsində Azərbaycançılıq məfkurəsinə uyğun olaraq etnik qruplar və konfessiyalarla daha sistemli və davamlı iş aparılması zəruridir. Bu məqsədlə multikultural mühitin daha intensiv yaşandığı regionlara elmi turlar təşkil edilməli, yerli icmaların vəziyyəti öyrənilməli, təqdimatlar və dəyirmi masalar keçirilməli, əldə olunan nəticələr əsasında analitik arayışlar hazırlanmalıdır.

3. Multikulturalizmin tədrisi

Azərbaycan multikulturalizm modelinin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə təbliği Azərbaycançılıq məfkurəsinə əsaslanır. Artıq on iki ildir ki, Multikulturalizm Mərkəzi bu sahədə fəaliyyət göstərir. Mərkəzin dəstəyi ilə çap olunmuş “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” dərslikləri ölkənin 40-dan çox ali təhsil müəssisəsində bakalavr və magistratura səviyyəsində tədris olunur. Bundan əlavə, bəzi xarici ölkələrin universitetlərində də bu fənnin tədrisi həyata keçirilir.

Bu yanaşma həm də Azərbaycanda yaşayan milli azlıqların mədəniyyətinin öyrənilməsini təşviq edir. Beləliklə, multikultural təhsilin inkişafı üçün yeni imkanlar yaranır və müvafiq dərsliklər əsas elmi mənbə kimi istifadə olunur. Mərkəzin apardığı monitorinqlər və şəxsi müşahidələr göstərir ki, ali məktəblərdə bu fənn tələbələr tərəfindən getdikcə daha çox mənimsənilir və onların dünyagörüşünün genişlənməsində mühüm rol oynayır.

Multikulturalizmin tədrisinin praktiki nəticəsi olaraq mərkəz hər il multikulturalizm üzrə yay və qış məktəbləri təşkil edir. Cari ildə artıq XVI qış məktəbi keçirilmişdir. Bu istiqamətlərin də gələcəkdə davam etdirilməsi ölkənin multikulturalizm strategiyası baxımından çox vacibdir.

***

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətə başladığı gündən etibarən beynəlxalq statusa malik bir qurum kimi ilk növbədə Azərbaycanın multikulturalizm modelinin qlobal miqyasda təbliği ilə məşğul olmuşdur. Bu fəaliyyət iki əsas istiqamətdə həyata keçirilmişdir. Birinci istiqamət ölkə daxilində etno-mədəni situasiyanın öyrənilməsi və Azərbaycançılıq məfkurəsinə uyğun olaraq elmi-maarifçilik tədbirlərinin və nəşrlərin həyata keçirilməsidir. Bu yanaşma Azərbaycan multikulturalizm modelinin vahid milli kimliyimizə əsaslanan strateji paradigmalarını formalaşdırır.

İkinci istiqamət isə ölkə daxilində etno-mədəni müxtəlifliyin qorunmasını təmin etməklə yanaşı, Azərbaycan multikulturalizm modelinin beynəlxalq müstəvidə təqdim edilməsidir. Bu məqsədlə müxtəlif ölkələrin elmi mərkəzləri ilə əməkdaşlıq edilir, dəyirmi masalar, konfranslar və digər tədbirlər təşkil olunmuşdur. Bu fəaliyyət Azərbaycanda mövcud olan multikultural mühitin dünya ictimaiyyətinə çatdırılmasına və ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə vermişdir və verməkdə davam edəcəkdir.

Bu istiqamətdə həm lokal, həm də qlobal multikultural siyasətləri dərindən bilən peşəkar kadrlara ehtiyac vardır. Yeni yaradılan Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi gələcəkdə Azərbaycanın mədəniyyətlərarası dialoq platforması kimi mövqeyini daha da möhkəmləndirəcək, xüsusilə Qarabağ müharibəsində əldə olunan qələbədən sonra Cənubi Qafqazda formalaşan siyasi sabitliyin və Azərbaycanın regionda “tolerantlıq oazisi” kimi rolunun dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmasına xidmət edəcəkdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
525.az

1Sources