EN

Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində çalışacaq VİDEO

Bakı, 16 mart, AZƏRTAC

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Ramazan və Novruz bayramları günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 19-30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, qurum şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

“Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək. Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə edə bilərlər. Hazırda portalda 58 məntəqə, 91 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 355 reys olmaqla 403 nəqliyyat vasitəsi qoşulub. Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur”, - deyə AYNA-nın yaydığı məlumatda bildirilir.

Chosen
38
25
azertag.az

10Sources