EN

Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının formalaşmasında Azərbaycan aparıcı rol oynayır ŞƏRH

Bakı, 16 mart, AZƏRTAC

Balanslı siyasət dövlətlərin bütün güc mərkəzləri ilə bərabər məsafədə münasibətlər qurması və hər hansı koalisiyaya, bloka qoşulmamasını nəzərdə tutur. Beynəlxalq münasibətlərin realizm məktəbinə əsasən dövlətlərin güc mərkəzlərinə münasibətdə bir neçə xarici siyasət strategiyası həyata keçirmək imkanları var. Bunlardan biri balanslaşdırmadır, bu təhdid kimi qəbul edilən gücə qarşı digər güclə ittifaq qurmaqdır. Digəri “bandvagoninq”dir ki, bu da güclü tərəfin siyasi xəttinə uyğunlaşmaqdır. Üçüncü strategiya isə balanslı siyasətdir. Bu isə bütün güc mərkəzlərinə münasibətdə bərabər məsafənin qorunmasını və heç bir təsir dairəsinə daxil olmamağı nəzərdə tutur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi Sultan Zahidov bildirib.

O qeyd edir ki, ən mürəkkəb strategiya məhz balanslı siyasətdir. Xüsusilə geostrateji baxımdan həssas bölgədə yerləşən ölkələr üçün bu siyasəti həyata keçirmək daha çətindir. Azərbaycanın çoxvektorlu xarici siyasətinin nəticələri hazırda da özünü göstərir. Ölkə regionda baş verən müharibə və eskalasiyalar fonunda tərəflərdən heç birinin yanında açıq mövqe tutmayaraq dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalıb. Azərbaycanın əsas məqsədi regional inkişafın, sülhün və sabitliyin təmininə töhfə verməkdir.

Mütəxəssisin fikrincə, Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının sülh və əmin-amanlıq yönündə istiqamətlənməsində Azərbaycan aparıcı rol oynamaqdadır. Yaxın və Orta Şərqdə baş verən proseslər fonunda da ölkə eskalasiyalarda iştirak etməyəcəyini bildirərək balanslı mövqe nümayiş etdirib. Politoloq vurğulayıb ki, strateji kommunikasiya xətlərinin üzərində yerləşən və resurslarla zəngin regionlar böyük güclərin maraq dairəsində olur. Azərbaycan artıq uzun illərdir ki, həyata keçirdiyi xarici siyasət kursu ilə bu geosiyasi oyunların tərkib hissəsi olmadığını göstərir. Bu yanaşmanın nəticəsi olaraq ölkə 2011-ci ildə Qoşulmama Hərəkatına qoşulub və balanslı siyasət prinsipinə sadiqliyini qoruyur.

Sultan Zahidov əlavə edib ki, balanslı siyasət həm də çoxvektorlu əməkdaşlığı nəzərdə tutur. Azərbaycan müxtəlif region ölkələri ilə siyasi və iqtisadi əlaqələri genişləndirərək Yaxın və Orta Şərq, Mərkəzi Asiya və Avropa ilə strateji münasibətlərini inkişaf etdirir və ölkənin regional əhəmiyyəti qlobal güc mərkəzləri tərəfindən qəbul olunur. Onun sözlərinə görə, postsovet məkanında bütün ölkələr balanslı siyasət yürüdə bilməyib və bu baxımdan Azərbaycanın modeli risklərin bölüşdürülməsi və milli maraqların praqmatik təmin edilməsi üçün ən rasional yanaşma hesab oluna bilər.

Chosen
32
1
azertag.az

2Sources