Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 16 mart, AZƏRTAC
Peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsi üzrə qeydiyyat elan edilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində elektron formada təşkil olunacaq. İmtahan iki növbədə - 10:00 və 16:00-da başlayacaq. Bakı şəhərində hər növbə üzrə 760 yer, Naxçıvan şəhərində hər növbə üzrə 160 yer olmaqla, ümumilikdə 1840 yer ayrılıb. Namizədlər 16 mart saat 16:00-dan 5 aprel saat 18:00-dək DİM-in internet səhifəsində bu linkə daxil olub qeydiyyatdan keçə bilərlər.
İmtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:
1. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS (İmtahan 10:00-da başlayacaq);
2. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS (İmtahan 16:00-da başlayacaq).
Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 2025-ci il 19 iyun tarixli Qərarına əsasən, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə imtahanlarda iştirak haqqı 100, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə imtahanlarında iştirak haqqı isə 50 manatdır.
Hər bir sertifikat növü üzrə imtahan proqramları Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilib.
Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli Qərarının aşağıdakı bəndlərinə əsasən:
2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:
2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR - “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;
2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA - Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;
2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA - Certified Public Accountant) təşkilatının sertifikatına;
2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının ( ACA/ICAEW - Chartered Accountant Qualification ) sertifikatına;
2.8.5. Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.
2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilir.
Namizədlər aşağıda göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:
-İqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.
Namizədlər PMS imtahanları ilə bağlı suallarını [email protected] ünvanına göndərə bilərlər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.