EN

30 manata fındıq, 40 manata paxlava: Bayram süfrəsinin bahalı dadı

Novruz bayramının yaxınlaşması ilə bazarlarda və supermarketlərdə bayram ab-havası hiss olunur. 

İnsanlar bayram süfrəsi və xonça üçün lazım olan məhsulları almağa başlayıblar. Ərzaq məhsullarının qiymətləri əvvəlki illərə nisbətən artdığı üçün bayram süfrəsi orta statistik ailə üçün daha baha başa gəlir.

Ölkəmizdə bu il orta statistik ailə üçün Novruz bayramı süfrəsi neçəyə başa gələcək? 

“Cebheinfo.az” qiymətlərlə bağlı araşdırmanı təqdim edir. Bayram xonçasında ən çox istifadə olunan məhsullar arasında qoz, fındıq, püstə, şabalıd və kişmiş yer alır. Bazarda qozun (qabıqlı növü) 6–13 manat, fındıq (qabıqlı) isə 6–11 manat arasında satılır. 

Keyfiyyətindən asılı olaraq püstə 25–27 manat, şabalıd 11–18 manat, qoz ləpəsi 16–27 manat, fındıq ləpəsi isə 18–30 manat civarındadır. Bayramın əsas atributlarından biri olan səməni isə bu il əvvəllki illərə nisbətən daha bahadır. Səməninin ölçüllərindən asılı olaraq, qiymətlər 3-20 manat arası dəyişir. 

Bayram süfrəsi adətən plov, ət yeməkləri, salatlar, şirniyyat və içkilər ilə zənginləşdirilir. Şah plovun hazırlanmasında düyü, ət, kismis, şabalıd, qaysı, yerkökü, kişmiş və qoz kimi məhsullar istifadə olunur. Düyü 2–3 kiloqram üçün təxminən 6–9 manat, mal əti isə kiloqramı 17–25 manat arasında dəyişir. 

Qurudulmuş meyvələrdən kişmişin qiyməti 8–15 manat, qaysının qiyməti isə 9–14 manat civarında satılır. Salatlar üçün isə pomidor, xiyar, göyərti və digər tərəvəzlərə 15–27 manat aralığında xərc tələb olunur. Süfrədə, həmçinin paxlava, şəkərbura, qoğal, badambura kimi şirniyyatlar da yer alır. 

Şirniyyatların kiloqramı 25–40 manat arasında dəyişir. Bu şirniyyatları evdə hazırlamaq istəyənlər üçün isə təxminən 90 manat büdcə tələb olunur. Tək-tək satışda isə şəkərbura, paxlava, şorğoğalı 2-2,5 manatdan təklif olunur. Daha baha satan mağazalar da var. Belə ki, hətta ədədi 4,5-5 manata şəkərbura, paxlava təklif edən yerlər az deyil. 

Onlar bunu istifadə edilən məhsulların keyfiyyəti ilə izah edirlər. Meyvələr bayram süfrəsinə təravət və dad qatır. Bazarda portağal 1,90–3,00 manat/kq, banan 3,20–3,70 manat/kq, alma 1,50–3,50 manat/kq, armud 2,20–3,30 manat/kq, nar isə 2,50–4,00 manat/kq aralığında satılır. 

Bütün əsas məhsullar nəzərə alındıqda, Azərbaycanda orta statistik bir ailə üçün Novruz bayramı süfrəsinin ümumi xərci təxminən 170 manatdan başlayaraq 250 manata qədər dəyişə bilər. Məbləğ ailənin üzvlərinin sayından, alınan məhsulların miqdarından və keyfiyyətindən asılı olaraq daha yüksək də ola bilər. 

Chosen
29
1
cebheinfo.az

2Sources