EN

ABŞ və İran geri çəkilmədikcə, müharibə bitməyəcək -AÇIQLAMA

"Mövcud vəziyyətdə ABŞ və İran arasındakı münaqişənin və müharibənin bitməsi real görünmür. Bu müharibə yalnız tərəflərdən birinin geri çəkilməsi halında dayana bilər, lakin hazırda heç bir tərəf geri addım atmır. İranın indiki hakimiyyəti davam edən intensiv hava hücumlarına rəğmən, müqavimətini davam etdirir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı səsləndirdi.

Onun sözlərinə görə, Prezident Məsud Pezeşkiyanın danışıqlarla bağlı irəli sürdüyü son tələblər də göstərir ki, İran hakimiyyəti təslim olmaq niyyətində deyil:

"Təbii ki, bu qədər irəli gedən Amerikanın da geri çəkiləcəyi ehtimalı zəifdir. Ola bilsin ki, müəyyən dövrlərdə hücumlar səngisin, lakin Vaşinqtonun İranda hakimiyyəti dəyişmək və regionu tam nəzarətə götürmək planı hələ də qüvvədədir. Bu baxımdan, münaqişənin yaxın vaxtlarda başa çatacağını proqnozlaşdırmaq çətindir".

Müsahibimizin fikrincə, Trampın son açıqlaması iki auditoriyaya hesablanıb.

"Birincisi, daxili auditoriyadır. ABŞ daxilində həm ictimai rəydə, həm də siyasi elitada, o cümlədən Respublikaçılar Partiyasının daxilində müharibəyə qarşı çıxanlar var. Trampın müharibənin tezliklə bitəcəyinə dair mesajları bir növ bu kəsimi sakitləşdirmək məqsədi daşıyır.

İkinci hədəf isə beynəlxalq enerji bazarlarıdır. Müharibə başladıqdan sonra, xüsusən İranın Hörmüz boğazında yaratdığı gərginlik fonunda neft qiymətləri kəskin yüksəlib və qlobal enerji böhranı yaranıb. Müharibənin uzanması qlobal bazarlara mənfi təsir edir. ABŞ Prezidentinin bu cür açıqlamaları birjalara və neftin qiymətinə təsir etmək gücündədir. Ona görə də bu bəyanatı həm də qlobal bazarı sabitləşdirməyə hesablanmış addım kimi qəbul edə bilərik. Ümumilikdə, tərəflərin mövqeyinə baxdıqda müharibənin tez bitəcəyi ehtimalı zəifdir. İran hakimiyyəti təslim olmadığı müddətdə, ABŞ və İsrailin prosesi yarımçıq qoyacağını düşünmürəm. Bu səbəbdən müharibə hələ bir qədər də uzanacaq", - deyə siyasi şərhçi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Chosen
19
redaktor.az

1Sources