ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Ərinin öldürülməsini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətli icra etməkdə təqsirləndirilənlər - Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmələri başlayıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti - baxış iclası aprelin 6-na təyin edilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə görə Mehdi Məmmədov 18 il 6 ay, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin hərəsi 17 il 6 ay, Əzizə Seyidova isə 17 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, 23 yaşlı Əzizə Seyidova ailə-məişət münasibətləri zəminində həyat yoldaşı Əli Seyidlini cəzalandırmaq istəyib.
O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-cü il martın 15-də Ə.Seyidova M.Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları onun qarşısını kəsərək, onu 23 bıçaq zərbəsi vurmaqla qətlə yetiriblər.
Qeyd edək ki, əvvəlki məhkəmə instansiyasında proses zamanı Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər.
Onu da qeyd edək məhkəmə istintaqı ərəfəsində təqsirləndirilənlər ibtidai istintaqa verdikləri ifadələrini dəyişərək qətlin Əzizə Seyidovanın sifarişi ilə deyil, Əli Seyidovla şəxsi münasibətləri zəminində törətdiklərini iddia ediblər.
Elgün Həsənli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.