EN

Azərbaycan regionda sabitlik və əməkdaşlığın tərəfdarıdır Günay Ağamalı

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər bugünkü mürəkkəb beynəlxalq mühitdə təhlükəsizlik, sabitlik və ədalətli beynəlxalq münasibətlər sisteminin nə qədər vacib olduğunu bir daha göstərir. Dövlət başçımızın vurğuladığı kimi, dünyada artan gərginliklər fonunda təhlükəsizlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində birinci dərəcəli prioritetə çevrilib. Təhlükəsizlik olmadan nə iqtisadi inkişafdan, nə də davamlı tərəfdaşlıqdan danışmaq mümkün deyil".

Bunu Redaktor.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirdi.

Onun sözlərinə görə, Azərbaycanın son onilliklərdə keçdiyi yol bu baxımdan xüsusi əhəmiyyət daşıyır:

"30 il davam edən işğal dövründən sonra ölkəmiz beynəlxalq hüquqa əsaslanaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Bu Zəfər ədalətin bərpası idi.  Azərbaycan müharibədən sonrakı dönəmdə sülh yolunu seçdi və regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına təşəbbüs göstərdi. Bu gün Azərbaycan və Ermənistan arasında əldə olunan sülh mühiti göstərir ki, güclü siyasi iradə uzunmüddətli münaqişələrin həllinə real imkan yarada bilər. İlham Əliyevin qeyd etdiyi kimi, sülh yalnız sənədlərdə deyil, real həyatda təmin olunmalıdır. Bu gün sərhəddə sabitliyin bərqərar olması və iqtisadi əlaqələrin bərpa olunması bunun ən bariz nümunəsidir".

Millət vəkili qeyd etdi ki, dövlət başçımızın çıxışında xüsusi vurğulanan məsələlərdən biri də enerji təhlükəsizliyidir.

"Müasir dövrdə enerji resursları iqtisadi amil olmaqla yanaşı, həm də milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. Azərbaycan etibarlı enerji tərəfdaşı kimi artıq onlarla ölkənin enerji təhlükəsizliyinə töhfə verir və qaz ixrac etdiyi ölkələrin coğrafiyasının genişlənməsi bunun açıq göstəricisidir. Eyni zamanda, ölkəmizin təşəbbüsü ilə inkişaf etdirilən nəqliyyat və logistika layihələri Azərbaycanın qlobal tədarük zəncirində strateji rolunu daha da gücləndirir. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə həyata keçirilən layihələr Azərbaycanın enerji, nəqliyyat və tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirir. İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi mesajlar bir daha təsdiq edir ki, Azərbaycan regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır. Ölkəmizin təcrübəsi güclü dövlətçilik, milli iradə və beynəlxalq hüquqa əsaslanan siyasətin zəfər və sülhü təmin edən əsas amillər olduğunu ortaya qoyur", - deyə Günay Ağamalı vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
redaktor.az

2Sources