EN

“Çelsi” Premyer Liqa qaydalarını pozduğuna görə cərimələnib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

London, 16 mart, AZƏRTAC

İngiltərənin ”Çelsi” klubu Premyer Liqa qaydalarını pozduğuna görə 10,75 milyon funt sterlinq məbləğində cərimə olunub və kluba transfer qadağası tətbiq edilib.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, klub Premyer Liqa ilə əldə olunan razılaşma çərçivəsində cərimə ödəyəcək. Əsas komanda üçün bir illik transfer qadağası tətbiq edilsə də, bu cəza iki il müddətinə şərti saxlanılıb. Bununla yanaşı, klub akademiyası üçün dərhal qüvvəyə minən doqquz aylıq transfer qadağası da tətbiq olunub.

Araşdırma “Çelsi”nin 2022-ci ildə özü tərəfindən açıqlanan və uzun illər əvvələ aid olan qayda pozuntuları ilə bağlı aparılıb. Müstəqil komissiya həmin faktları araşdıraraq qərarını açıqlayıb. Bildirilir ki, Premyer Liqa klub tərəfindən 2011–2018-ci illər arasında həyata keçirilmiş gizli ödənişləri də araşdırıb. Həmin dövrdə klub rusiyalı milyarder Roman Abramoviçə məxsus idi.

Araşdırma zamanı müəyyən edilib ki, həmin illərdə bəzi şəxslərə edilən müxtəlif ödənişlər futbol qurumlarına təqdim olunan maliyyə hesabatlarında göstərilməyib. Ən azı altı şübhəli ödənişin transferlərlə bağlı ofşor şirkətlərə edildiyi bildirilir. Yeddi rəqəmli məbləğdə olan bu ödənişlər həmin dövrdə futbol qurumlarına təqdim edilən hesabatlarda əks olunmayıb.

Bu əməliyyatlar 2022-ci ildə klubun yeni amerikalı sahiblər tərəfindən satın alınması zamanı aparılan maliyyə yoxlaması prosesində üzə çıxıb. Yeni rəhbərlik aşkar edilmiş uyğunsuzluqları Premyer Liqa, İngiltərə Futbol Assosiasiyası və UEFA-ya könüllü şəkildə təqdim edib.

Xatırladaq ki, 2022-ci ildə klub amerikalı investor Todd Boelinin rəhbərlik etdiyi konsorsium və “Clearlake Capital” tərəfindən 4,25 milyard funt sterlinq qarşılığında satın alınıb. Abramoviç sanksiyalara məruz qaldıqdan sonra klubu satmışdı.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
1
azertag.az

10Sources