EN

Rusiyadan Azərbaycana turist axını ötənilki azalmadan sonra bərpa oluna bilər

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Moskva, 16 mart, AZƏRTAC

Moskvada Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm potensialının təqdimatı keçirilib. Tədbirdə Rusiyanın turoperatorları və turizm agentliklərini təmsil edən təxminən 140 nəfər iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirə Azərbaycanın turizm sənayesini təmsil edən 13 nümayəndə qatılıb. Onların arasında aparıcı hotellər, turizm agentlikləri, “Şahdağ” turizm kompleksi və milli aviadaşıyıcı AZAL da olub. Təqdimatda iki ölkə arasında əməkdaşlığın inkişafında və turist axınının genişləndirilməsində maraqlı olan rusiyalı turoperator və turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib ki, 2024-cü ildə Rusiyadan Azərbaycana xeyli turist gəlib: “Müəyyən səbəblərə görə ötən il bu axın azalmışdı. Lakin yanvar ayının göstəriciləri onun bərpa olunacağına ümid verir və Azərbaycan yenidən rusiyalı turistlər, eləcə də ölkəmizə digər istiqamətlərdən gələn qonaqlar üçün cəlbedici məkan olacaq”.

Diplomat vurğulayıb ki, Azərbaycan və Rusiya hazırda münasibətlərin bərpası istiqamətində fəal işləyirlər. Onun sözlərinə görə, münasibətlərin normallaşması prosesi gedir, iqtisadi-ticari sahədə, həmçinin siyasi və humanitar əlaqələrdə müsbət dinamika müşahidə olunur.

Səfir, həmçinin qeyd edib ki, mürəkkəb beynəlxalq və regional vəziyyət fonunda Azərbaycan sabitlik, təhlükəsizlik və rifah məkanı olaraq qalır: “Azərbaycanın təbiəti, milli mətbəxi və xalqımızın qonaqpərvərliyi kimi üstünlüklərlə yanaşı, bu amil də çox mühüm rol oynayır. Mürəkkəb geosiyasi şəraitdə biz sosial sabitliyi və iqtisadi artımı qoruyub saxlamışıq”.

O bildirib ki, ölkədə turizm sahəsi sürətlə inkişaf edir. Səfirin sözlərinə görə, Azərbaycan nisbətən yeni turizm istiqaməti olsa da, hotellər, regional marşrutlar və turizm xidmətləri daxil olmaqla infrastrukturun inkişafı sayəsində aparıcı qlobal turizm mərkəzləri ilə arasındakı fərq tədricən azalır.

Daha sonra Azərbaycan Turizm Bürosunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Cəlal İsmayılov ölkənin əsas turizm məhsulları ilə bağlı təqdimat edib. O, Azərbaycanın turizm marşrutları, regionlarda istirahət imkanlarının müxtəlifliyi, mədəni, tibbi-sağlamlıq və qastronomik turizm, həmçinin ölkədə keçirilən festivallar barədə məlumat verib. Tədbir Azərbaycan və Rusiyanın turizm sənayesinin nümayəndələri arasında B2B görüşlər formatında davam edib.

Qeyd edək ki, Azərbaycanın turizm potensialının oxşar təqdimatı martın 18-də Sankt-Peterburqda keçiriləcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
1
azertag.az

2Sources