EN

Karib böhranının kölgəsi qayıdır: Kubada böyük qarşıdurma başlayır - Trampın yeni hədəfi

Kuba son iki gündə sözün həqiqi mənasında çalxalanır. Elektrik enerjisinin uzunmüddətli kəsilməsi, yanacaq və ərzaq çatışmazlığı ölkənin müxtəlif şəhərlərində kütləvi etirazlara səbəb olub. Ada sakinləri bildirirlər ki, bəzi bölgələrdə insanlar 20 saatdan artıqdır ki, işıqsız qalır və bu da onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti daha da dərinləşdirir.

Kubada baş verən bu etirazların arxasında yalnız iqtisadi problemlər dayanır, yoxsa prosesin daha geniş geosiyasi səbəbləri var?

Politoloq Əli Orucov Musavat.com-a dediyinə görə, Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən oğurlanmasından sonra Kubanın əsas təminatı və enerji təchizatı qırılıb: "Havana əvvəlki kimi Venesueladan ucuz qiymətə neft, kimya və ərzaq məhsulları ala bilmir. Üstəlik, Vaşinqtonun basqınları daha da artıb. Məlum olduğu kimi, Kuba keçmiş SSRİ-nin Amerika qitəsində qalası hesab olunurdu. İmperiya süquta uğrayandan sonra onun hüquqi varisi olan Rusiya Kubadan imtina etmədi və əlaqələrini sıx şəkildə davam etdirdi. “Azadlıq adası” adlandırılan Kuba adasının Birləşmiş Ştatların yaxınlığında yerləşməsi Vaşinqtona daima narahatlıqlar yaradırdı. Hətta dünyanın nüvə dövlətlərini qarşı-qarşıya gətirən Karib böhranı da hövzəyə nəzarət uğrunda amansız mübarizənin nəticəsi idi. Artıq Rusiya bu adanı saxlamaqda çətinlik çəkir. Ancaq Kubanın Cənubi Amerika dövlətləri ilə isti münasibətləri var".

Ekspertin sözlərinə görə, Kuba həm də Amerika imperializminə qarşı dirəniş dövləti kimi də xarakterizə edilir: "ABŞ-nin ən məşhur təcrid düşərgəsi sayılan Quantanamo bu dövlətin ərazisində yerləşir. Son baş verən hadisələr ABŞ-nin Kuba ilə haqq-hesab çürütməsinə əlverişli fürsət yaradıb. Baş verən etirazlar və iğtişaşlar da rejimə qarşı dəyişikliklərə start verildiyinə işarədir. Məncə, İrandan sonra hədəfin Kuba olunacağının konturları artıq görünür. İqtisadi böhranın nəticə etibarı ilə siyasi böhrana gətirəcəyi istisna edilmir. Tramp "Monro doktrinası"nı bütün mənası ilə işə salıb və bu istiqamətdə də addımlarını atır".

Cavanşir Abbaslı
Musavat.com

Chosen
23
18
musavat.com

10Sources