EN

İran millisi 2026-cı il futbol üzrə dünya çempionatında iştirak etməyi planlaşdırır

Asiya Futbol Konfederasiyası İran komandasının turnirdə iştirak etmək niyyətində olduğunu açıqlayıb...

İran milli futbol komandası 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak etməyi planlaşdırır.

Poliqon xəbər verir ki,bu barədə Asiya Futbol Konfederasiyasının (AFC) baş katibi Vindzor Con məlumat verib. Onun sözlərini Associated Press (AP) Agentliyi yayıb.

Vindzor Con bildirib ki, AFC-nin məlumatına əsasən, İran Futbol Federasiyası komandanın turnirdə iştirak edəcəyini konfederasiyaya rəsmi şəkildə bildirib. O vurğulayıb ki, İran AFC-nin üzvüdür və konfederasiya komandanın dünya çempionatında çıxış etməsini istəyir.

“Bizim bildiyimizə görə, İran turnirdə iştirak edəcək. Onlar AFC-nin üzvüdür və biz onların oynamağını istəyirik. Hazırda müxtəlif fikirlər səsləndirilir, lakin İran Futbol Federasiyası bizə bu günə qədər komandanın turnirə qatılacağını bildirib”, – deyə Vindzor Con qeyd edib.

Qeyd edək ki, bundan əvvəl İranın idman naziri Əhməd Donyaməli ölkədəki mövcud şərait səbəbindən milli komandanın 2026-cı il dünya çempionatında iştirak imkanlarının məhdud olduğunu bildirmişdi. Daha sonra ABŞ prezidenti Donald Tramp da İranın turnirdə iştirakının uyğun olmadığını bəyan etmişdi.

2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirin açılışı 11 iyun tarixində olacaq və final oyunu 19 iyulda baş tutacaq. İran millisi seçmə mərhələni uğurla keçərək turnirin final mərhələsinə vəsiqə qazanıb.

Püşkatmanın nəticələrinə əsasən, İran komandası G qrupunda yer alıb. Bu qrupda onun rəqibləri Belçika, Misir və Yeni Zelandiya yığmaları olacaq. Məlumata görə, İran millisinin qrup mərhələsində keçirəcəyi bütün oyunlar ABŞ ərazisində planlaşdırılıb.

Eyni zamanda bəzi beynəlxalq media orqanları İranın mümkün iştirak etməməsi halında hansı komandanın onu əvəz edə biləcəyi ilə bağlı müxtəlif ehtimallar irəli sürüb. Bu kontekstdə bəzi nəşrlər “vayld-kard” vasitəsilə Rusiya millisinin turnirə dəvət oluna biləcəyini qeyd edib. Rusiya komandası 2022-ci ildən etibarən beynəlxalq futbol turnirlərindən kənarlaşdırılıb.

Poliqon.info

Chosen
73
poliqon.info

1Sources