EN

Səxavətli sözün solmaz təravəti

Seyran Səxavət – 80

Onun Füzuli rayonunun Yağlıvənd kəndində başlanan həyat yolunda çoxlu dayanacaqlar olsa da, Xəzərin sahilində – Bakıda atdığı “lövbər” yarım əsrdən artıqdır ki, Seyran Səxavətin adını səxavətlə ucaldır. Hələ yeniyetmə ikən rayon qəzetində “İki arzu”, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsində oxuyarkən isə “Mən səni sevirəm” şeiri ilə diqqətçəkən müəllifin ilk 2 kitabı da onun özünəməxsus poetik nümunələrindən ibarət olub.

Sonra nəsr və dramaturgiyada qələmini sınayan Seyran Səxavət çap etdirdiyi 15 kitabı ilə oxucu ürəklərini fəth edə bilib. “Daş evlər”, “Nekroloq”, “Palıd toxumu”, “Yəhudi əlifbası”, “Qaçhaqaç” kimi romanları, çoxsaylı povest və hekayələri tanınmış imzaya daha çox şöhrət gətirib. Demək olar ki, bütün əsərləri zamanın, mövcud gerçəkliyin, cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrin, mənəvi münasibətlərin bədii əksi baxımından son dərəcə uğurludur.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Seyran Səxavətin 80 illiyi münasibətilə oxucularla görüşündə bütün bunlar barədə ətraflı danışıldı. Əməkdar elm xadimi, ədəbiyyatşünas Qəzənfər Paşayev yazıçının yaradıcılığını hərtərəfli incələdi, onun söz sənətinə ömürlük sədaqət göstərdiyini söylədi. Xalq şairi Sabir Rüstəmxanlı qələm dostu ilə bağlı duyğu dolu gənclik xatirələrini dilə gətirdi, onun poetikasını, nəsr və dramaturgiyasını layiqincə dəyərləndirdi. 30 illik Qarabağ həsrətini, yurd ağrısını ürəyinin qanı ilə yazan, bu günsə əzəli torpaqlarımızın azadlıq sevincini yaşayan Seyran Səxavətə bundan sonra da nikbin ruhda qalmağı, dadlı-duzlu yumorları ilə ətrafını sevindirməyi arzuladı.

Mərkəzi Elmi Kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, tanınmış filoloq-alim Nərgiz Cabbarlı, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və başqaları yubilyarın əsərləri ilə bağlı özəltəəssüratlarını bölüşdülər, onun ədəbi dil gözəlliyi və koloriti, xalq ruhunun ifadəçisi kimi üstün keyfiyyətlərindən bəhs etdilər və yazıçıya yeni uğurlar dilədilər.

Sonda Seyran Səxavət görüşün bütün iştirakçılarına minnətdarlığını bildirdi. O, mənsub olduğu ədəbi nəsillə qürur duyduğunu və daim bu nəslin ənənələrini yaşatmağa çalışdığını söylədi. Gənclərin çoxsaylı suallarını cavablandıraraq onlara dəyərli tövsiyələr verdi. Yubilyar yazıçı bundan sonra da böyük sözün keşiyində layiqincə durmaq əzmində olduğunu bildirdi.

Ə.DOSTƏLİ
XQ

Chosen
51
1
xalqqazeti.az

2Sources