EN

KİV: Müctəba Xamenei aviazərbədən az əvvəl binanı tərk etdiyi üçün sağ qalıb

BAKI, 17 mart. TELEQRAF

İranın yeni ali dini lideri ayətullah Müctəba Xamenei fevralın 28-də baş verən hava zərbəsi zamanı binanı zərbədən az əvvəl tərk etdiyi üçün ölümdən xilas olub.

Teleqraf xəbər verir ki, bu barədə TASS nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bu barədə mərhum ali dini lider ayətullah Əli Xameneinin protokol rəhbəri olmuş Məzahir Hüseyninin İranın İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyinə ünvanladığı müraciətin audioyazısında bildirilir. Nəşr qeyd edir ki, həmin səs yazısının həqiqiliyi müstəqil yoxlama nəticəsində təsdiqlənib.

Məzahir Hüseyni bildirib ki, Müctəba Xamenei zərbədən qısa müddət əvvəl hansısa işlə bağlı binadan çıxaraq həyətə enib.

“Belə alınmışdı ki, Müctəba hansısa işlə bağlı həyətə çıxmalı idi və sonra geri qayıtmalı idi. O, çöldə idi və yenidən binaya qalxmaq üzrə idi ki, raket binaya dəydi”, - deyə Hüseyni bildirib.

Onun sözlərinə görə, zərbə nəticəsində Müctəba Xamenei yalnız ayağından yüngül xəsarət alıb. Hücum zamanı onun həyat yoldaşı Zəhra Həddad-Adil isə hadisə yerində həlak olub. Bildirilir ki, Xameneinin oğlu da hücum nəticəsində ölüb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən paytaxt Tehran şəhərinə endirilib.

Hücumlar nəticəsində İranın ali dini lideri ayətullah Əli Xamenei və ölkə rəhbərliyində yer alan bir sıra əsas fiqurlar həlak olub. Daha sonra İranın Ekspertlər Şurası Müctəba Xameneinin ölkənin yeni ali dini lideri seçildiyini açıqlayıb.

Chosen
91
17
teleqraf.com

10Sources