EN

Sülhü təşviq edən platforma

Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Bakı Forumunun keçirilməsi artıq ənənəyə çevrilib. Forum beynəlxalq aləmdə nüfuzlu diplomatik bir platforma olaraq, mötəbər konfrans və tədbirlərlə eyni səviyyədə ölçülür.

Bakı Dövlət Universitetinin kafedra müdiri professor Kamilə Əliyeva "Azərbaycan" qəzetinə bildirib ki, forumun artan nüfuzunun nəticəsidir ki, tədbirdə iştirak edən sabiq dövlət və hökumət başçılarının, nüfuzlu siyasətçilərin və beynəlxalq təşkilatların rəhbərlərinin sayı hər il artmaqdadır. Forumda olduqca aktual olan, eləcə də dünyada geosiyasi təlatümlərin getdikcə dərinləşdiyi global münaqişələrin həlli istiqamətində müzakirələr aparılaraq, təkliflər irəli sürüldü. "Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev müasir dünyada hər bir dövlətin təhlükəsizliyini, müdafiə məsələlərini prioritet məsələ kimi xüsusi vurğuladı və ölkələrin suverenliyi və ərazi bütövlüyünün beynəlxalq prinsiplər çərçivəsində qorunmalı olduğunu qeyd etdi. Bu baxımdan Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun hərbi, siyasi və diplomatik yolla 30 il işğalda qalan torpaqlarını azad etməsi, suverenliyimiz və ərazi bütövlüyümüzün bərpa edilməsi dünya dövlətləri üçün bir örnəkdir. Dövlətimizin başçısı çıxışında torpaqlarımızın 30 illik işğalı dövründə təzyiqlərlə üzləşdiyi, ATƏT və onun qurumu olan Minsk qrupunun yarıtmaz fəaliyyəti haqqında da məlumat verdi. Minsk qrupu illərlə münaqişənin həll olunmasına deyil, əksinə, onun uzadılması, Azərbaycan torpaqlarının işğalda qalması üçün fəaliyyət göstərib. Azərbaycan yeganə dövlətdir ki, son onilliklərdə hərbi və siyasi yolla öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib və sülh təşəbbüsünü irəli sürüb. Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə çıxışında Azərbaycan dövlətinin ədaləti, sülhü, əmin-amanlığı təşviq etdiyini bildirdi. XIII Qlobal Bakı Forumunda da ölkəmiz bu siyasətə sadiqliyini bir daha nümayiş etdirdi", - deyə o vurğulayıb. 

Ekspert qeyd edib ki, Azərbaycan dünyaya münaqişələrin ən optimal həll yolunun müharibə aparan dövlətlərin siyasi iradəsindən asılı olduğunu sübut edib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir ki, Azərbaycan və Ermənistan artıq sülh istiqamətində mühüm addımlar atıblar. Regionda sülhün daimi və dayanıqlı olması üçün Azərbaycan Ermənistana gedən bütün nəqliyyat komunikasiyalarını açıb. Bu həm də Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yolun açılmasına xidmət edir. Bu gün Azərbaycandan keçməklə Ermənistana yüklər daşınır, həmçinin Azərbaycan Ermənistana yanacaq məhsulları ixrac edir. Beləliklə, iki ölkə arasında ticarət əlaqələri qurulmağa başlanıb. Bu, Ermənistan iqtisadiyyatının inkişafına böyük təkandır. 

K.Əliyeva vurğulayıb ki, Azərbaycan regionla yanaşı, beynəlxalq müstəvidə də siyasi və iqtisadi yüksəlişin bərpasında mühüm rol oynayan dövlətdir: "Artıq ölkəmiz dünyanın 16 dövlətinə təbii qaz ixrac edir ki, onların da 10-u Avropa dövlətidir. Azərbaycan bu dövlətlərin enerji təhlükəsizliyinə böyük töhfə verir. Müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabər tutulan bir amildir. Yaxın vaxtlarda Azərbaycanda istehsal olunacaq "yaşıl enerji" də Avropa dövlətlərinə ixrac ediləcək ki, bu da həmin dövlətlərin milli təhlükəsizliyinə böyük töhfə olacaq". 

Ekspert sonda qeyd edib ki, XIII Qlobal Bakı Forumunda Azərbaycanın təqdim etdiyi sülh gündəliyi dünya üçün bir yol xəritəsi və davam edən müharibələrin sülh yolu ilə həlli istiqamətində önəmli tövsiyələrin irəli sürüldüyü bir platformadır.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

1Sources