EN

“Finlandiyada müəllim hazırlığı proqramları sistemli, Azərbaycanda isə illərdir səhv idarə olunur” DOSENT DANIŞDI

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sabiq təhsil naziri, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Misir Mərdanov Beynəlxalq Riyaziyyat Gününə həsr olunmuş elmi-metodik seminarda məruzə ilə çıxış edib.

O bildirib ki, martın 13-də Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində keçirilən tədbirdə “Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Finlandiyanın Helsinki Universitetində riyaziyyat müəllimi hazırlığı üzrə tədris proqramlarının müqayisəli təhlili” mövzusu müzakirə olunub.

Məruzədə adı çəkilən ali məktəblərdə riyaziyyat müəllimlərinin hazırlanması istiqamətində tətbiq olunan proqramlar müqayisəli şəkildə təhlil edilib, onların quruluşu, məzmunu və yanaşmaları barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan universitetlərinin bu ixtisas üzrə tədris planları ilə Helsinki Universitetinin proqramları arasında ciddi fərqlər mövcuddur.

Diqqətə çatdırılıb ki, Helsinki Universitetində riyaziyyat tədrisinə giriş, rəqəmsal bacarıqlar, müasir elmə giriş, tədris psixologiyası, tədris metodları və kurikulumun inkişafı, qiymətləndirmə və təhlil, tədrisin etikası kimi fənlər tədris olunsa da, Azərbaycan universitetlərində bu istiqamətlər üzrə fənlər proqramda yer almır.

Eyni zamanda bildirilib ki, Azərbaycan universitetlərində tədris olunan bir sıra ixtisas fənlərinə riyaziyyat müəllimliyi üzrə ehtiyac olmadığı vurğulanıb.

Çıxışda hər iki ölkədə riyaziyyat müəllimliyi ixtisasının tədris fəlsəfəsi, didaktikası, təcrübəsi və qiymətləndirmə məsələləri arasındakı fərqlər də qeyd olunub. Sonda Azərbaycan universitetləri üçün təkliflər səsləndirilib. Tədbirdə universitetin bir neçə fakültəsinin dekanları da iştirak edib.

Məsələyə münasibət bildirən təhsil eksperti dosent İlham Əhmədov Gununsesi.info -ya açıqlamasında Misir Mərdanovun bu təhlilinin maraqlı və lazımlı olduğunu deyib.

Onun sözlərinə görə, əgər bu təhlil 25 il əvvəl hazırlanıb, nazirlik ali məktəblərdə keyfiyyətli islahatlar aparsaydı, müəllim hazırlığı problemləri ilə ciddi məşğul olsaydı, nəticələr daha uğurlu olardı.

“Lakin hazırda vəziyyət artıq gecdir və təhlilin nəticələri ETN menecerləri tərəfindən nəzərə alınmayacaq”,-deyə İlham Əhmədov əlavə edib.

Dosent qeyd edib ki, o illərdə nazirlik pulları dost-tanış QHT və MMC-lərə yönəltmək əvəzinə, alimlərin təhsil layihələrinə və təşəbbüslərinə ayırmalı idi.

O, 15-20 il əvvəl təqdim etdiyi layihələrin dəstəklənmədiyini, nazirlikdən yalnız “layihə pul gözləməyin” cavabı aldığını bildirib:

“Finlyandiyada isə təhsil nazirliyi universitetlərə milyonlarla avro qrant verərək müəllim hazırlığı proqramlarının inkişafını təmin edib. Finlandiyada 33 il ərzində sistemli işlənmiş təhsil proqramları var, bizim nazirlik isə 33 il səhv idarəçilik göstərib”.

O, bu şərhi əsasən indiki nazirə mesaj kimi verdiyini qeyd edib:

“Hazırkı imkanlardan istifadə edərək elm və təhsilin inkişafı üçün addımlar atılmalıdır ki, gələcəkdə peşmançılıq yaranmasın”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
icma.az

1Sources