EN

Məktəblərdə ciddi PROBLEM: Təhsildə mədəniyyətə yetərincə yer verilmir

Yaxın zamanda hazırlanmış və 2040-cı ilə qədər olan dövrü əhatə edən Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında mühüm məsələlər əksini tapıb. Konsepsiyanın diqqət çəkən tərəflərindən biri mədəniyyət anlayışının yalnız irs kimi deyil, daha geniş məzmunda təqdim olunmasıdır.

Bu yanaşmaya görə, mədəniyyət təkcə maddi və mənəvi irsin qorunması ilə məhdudlaşmır, həm də düşüncə, davranış və nitq mədəniyyəti kimi anlayışları əhatə edir.

Maraqlıdır, məktəblərdə düşüncə, davranış və ünsiyyət mədəniyyəti necə formalaşdırılmalıdır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Elnarə Akimova qeyd edib ki,müasir dünyada mədəniyyət anlayışı əvvəlki dövrlərlə müqayisədə daha geniş və dərin məna kəsb edir:

179641

"Artıq mədəniyyət yalnız muzeylərdə qorunan qədim eksponatlar, tarixi abidələr və ya folklor nümunələri ilə məhdudlaşmır. O, insanın düşüncəsində, davranışında, danışıq tərzində və gündəlik həyatında özünü göstərən mənəvi keyfiyyətlərin bütöv bir sistemidir. Bu baxımdan yaxın zamanda təsdiqlənmiş “Azərbaycan Mədəniyyəti- 2040” Mədəniyyət Konsepsiyası ölkənin mədəni inkişafına dair uzunmüddətli və strateji baxışı əks etdirən mühüm dövlət sənədidir.

Bu konsepsiya milli-mənəvi dəyərlərə əsaslanan müasir mədəniyyət modelinin formalaşdırılmasını və mədəniyyət sahəsində dayanıqlı inkişafın təmin edilməsini əsas məqsəd kimi müəyyənləşdirir. Sənədin diqqət çəkən cəhətlərindən biri də mədəniyyət anlayışına verilən geniş və müasir yanaşmadır. Burada mədəniyyət yalnız irsin qorunması kimi deyil, insanın həyat tərzini, dilini, düşüncə və davranış sistemini, eləcə də ünsiyyət mədəniyyətini əhatə edən kompleks dəyər kimi təqdim olunur.Bu yanaşma bizi mühüm bir sual üzərində düşünməyə vadar edir: düşüncə, davranış və ünsiyyət mədəniyyəti harada və necə formalaşır? Bu sualın ən məntiqli və real cavabı məktəbdir".

Məktəb yalnız bilik verən bir təhsil müəssisəsi deyil:

"O, insanın xarakterinin formalaşdığı, dünyaya baxışının müəyyənləşdiyi və gələcək vətəndaşın yetişdiyi mühüm sosial mühitdir. Əgər məktəb yalnız dərs proqramının icrası ilə kifayətlənərsə, cəmiyyət savadlı, lakin mədəni davranışdan uzaq insanlar yetişdirə bilər. Halbuki müasir cəmiyyətə yalnız məlumatlı deyil, həm də düşünməyi bacaran, etik davranış nümayiş etdirən və sağlam ünsiyyət qura bilən fərdlər lazımdır.
Düşüncə mədəniyyətinin formalaşması ilk növbədə şagirdlərdə müstəqil düşünmək bacarığının inkişaf etdirilməsi ilə başlayır. Şagird yalnız hazır məlumatı əzbərləməməli, onu təhlil etməyi, müqayisə etməyi və nəticə çıxarmağı öyrənməlidir.

Bu isə dərs prosesində müzakirələrin aparılması, sual vermə mədəniyyətinin təşviqi və tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsi ilə mümkündür. Düşünməyi bacaran insan daha məsuliyyətli qərarlar qəbul edir və cəmiyyətin inkişafında daha fəal rol oynayır.Davranış mədəniyyəti isə yalnız qaydalar toplusu deyil, insanın daxili mənəviyyatının təzahürüdür. Məktəbdə bu mədəniyyət təkcə nizam-intizam tələbləri ilə formalaşmır. Burada müəllimin şəxsi nümunəsi, məktəbin ümumi mühiti və kollektiv münasibətlər böyük rol oynayır. Şagird müəllimin davranışını müşahidə edərək ondan öyrənir, sinif yoldaşları ilə münasibətdə tolerantlıq və qarşılıqlı hörmət kimi dəyərləri mənimsəyir. Əgər məktəbdə sağlam və etik münasibət mühiti formalaşdırılarsa, bu mühit gələcəkdə cəmiyyətin ümumi davranış modelinə də müsbət təsir göstərir.

Müasir dövrdə ünsiyyət mədəniyyəti də xüsusi əhəmiyyət daşıyır. İnformasiya texnologiyalarının və sosial şəbəkələrin sürətlə inkişaf etdiyi bir zamanda insanların ünsiyyət forması da dəyişir. Təəssüf ki, bəzən bu ünsiyyətdə kobudluq, dözümsüzlük və aqressiya halları müşahidə olunur. Buna görə də məktəblərdə nitq mədəniyyətinin inkişafına, dialoq qurmaq bacarığına və qarşı tərəfi diqqətlə dinləmək vərdişinə xüsusi diqqət yetirilməlidir.

Ünsiyyət mədəniyyəti həm də ana dilinə hörmətlə bağlıdır. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin əsas sütunlarından biridir. Şagirdlərə düzgün, aydın və səlis danışmaq vərdişinin aşılanması onların həm intellektual inkişafına, həm də milli mədəniyyətin qorunmasına xidmət edir.Bütün bunları nəzərə alaraq məktəblərdə mədəniyyətin tədris prosesinə daha sistemli şəkildə inteqrasiyası olduqca vacibdir. Yeni yanaşmalarda mədəniyyətin təhsilin ayrılmaz hissəsinə çevrilməsi və bu sahə ilə bağlı biliklərin ayrıca tədris istiqaməti kimi inkişaf etdirilməsi də nəzərdə tutulur. Lakin əsas məsələ yalnız yeni fənnin yaradılması deyil".

Əsas məsələ məktəbin ümumi mühitinin mədəni mühitə çevrilməsidir:

"Məktəbdə kitabxanaların fəaliyyəti, teatr dərnəkləri, debat klubları, ədəbi müzakirələr və müxtəlif mədəni tədbirlər şagirdlərin dünyagörüşünün genişlənməsinə mühüm təsir göstərir. Şagird kitab oxuduqca, incəsənət və ədəbiyyatla tanış olduqca, tarix və mədəniyyət haqqında biliklərini artırdıqca onun düşüncə üfüqləri də genişlənir.Cəmiyyətin mədəni səviyyəsi bir günün içində formalaşmır. Bu, uzun illərin təhsil və tərbiyə prosesinin nəticəsidir. Bu gün məktəbdə formalaşan düşüncə sabah cəmiyyətin davranış modelinə çevrilir.

Bu gün şagirdə aşılanan ünsiyyət mədəniyyəti sabah ictimai münasibətlərin keyfiyyətini müəyyən edir. “Azərbaycan Mədəniyyəti- 2040” Konsepsiyası bizi mühüm bir həqiqətə çağırır: mədəniyyət yalnız qorunan irs deyil, yaşayan və daim formalaşan dəyərdir. Bu dəyərin ən mühüm formalaşma məkanı isə məktəbdir.
Əgər məktəblərdə düşünən, mədəni davranan və etik ünsiyyət qura bilən gənclər yetişdirilirsə, deməli gələcəyin cəmiyyəti də daha sağlam, daha mədəni və daha humanist olacaq. Çünki mədəniyyət yalnız tarixi abidələrdə deyil, insanın davranışında, sözündə və düşüncəsində yaşayır".

Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, deputat Cavanşir Feyziyev bildirib ki, 2040-cı ilə qədər Mədəniyyət Konsepsiyası müstəqillik dövrümüzün ən vacib siyasi və mədəni-sosial inkişaf proqramıdır:

179640

"Təbii ki, həyatın bütün sahələrinin inkişafı zəruridir. Lakin yalnız iqtisadi tərəqqi, hərbi-texniki modernləşmə və ya sənaye və kənd təsərrüfatında sürətli inkişaf, hətta geniş sosial dəstək proqramları belə, bütövlükdə cəmiyyətin ahəngdar inkişafını təmin edə bilməz. İnkişaf ahəngdarlığının pozulmasının acı nəticələrini neft-qaz ehtiyatları ilə zəngin Yaxın Şərq dövlətlərinin yaxın keçmişində görmək mümkündür.

Cəmiyyət həyatında mədəniyyət komponentinin gözardı edilməsi və onun ümumi inkişaf tempindən geri qalması bütün digər sahələrdə əldə olunan uğurları azalda bilər. Buna görə də Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının hazırlanması və həyata keçirilməsi dövlət və xalq üçün prioritet məsələlərdən biridir.

Mədəniyyət anlayışı çox genişdir və onu yalnız düşüncə, davranış və nitq mədəniyyəti kimi başa düşmək düzgün olmaz. İnsan cəmiyyətində baş verən bütün münasibətlər sistemini qarşılıqlı asılılıq əsasında fəaliyyət göstərən vahid mexanizm kimi təsəvvür etsək, mədəniyyət bu mexanizmin daim saz işləməsini təmin edən əsas komponentdir.

Mədəniyyət cəmiyyətin həyata və gələcəyə baxışını formalaşdırır, istehsal vasitələri ilə əmək qüvvələri arasındakı münasibətləri tənzimləyir, ümummilli maraqlar ətrafında həmrəyliyi təmin edir, universal insan haqlarının qorunmasına zəmin yaradır və insanlar arası münasibətlərin qarşılıqlı hörmət, nəzakət və xoşməramlılıq prinsipləri əsasında formalaşmasına yardım edir.

Tariximizin bütün dövrlərində milli mədəniyyətimiz qlobal inkişaf tendensiyalarına uyğun pozitiv istiqamətlərdə böyük nailiyyətlər əldə edib. Ən qədim əlyazmalarımızdan görmək olar ki, əcdadlarımız gender bərabərliyi, cəmiyyət daxili konsensus, barış və ədalət prinsiplərinə sadiq olublar. Yeni tarixdə isə Şərqdə ilk demokratik respublikanın qurulması, qadınlara Avropadan daha tez səs hüququnun verilməsi və bədii yaradıcılıq sahəsində dünya miqyasına çıxa biləcək əsərlərin ərsəyə gəlməsi Azərbaycan mədəniyyətinin zəngin irsə malik olduğunu göstərir. Biz bununla fəxr edirik, lakin yalnız irsə güvənmək kifayət deyil".

İnsan həyatı daimi olaraq təkamülə məhkumdur və son bir əsrdə təkamül proseslərinin sürəti az qala həndəsi silsilə üzrə artır:

"Belə sürətli tərəqqinin fonunda mədəniyyət yalnız zəngin irsi ilə kifayətlənə bilməz. Mədəniyyət hər bir tarixi dövrün dəyərlərini özündə daşıyan libasa bənzəyir. Libas köhnələndə onun yenilənməsinə ehtiyac yaranır; eyni qayda ilə, yeni tarixi dövrdə də yenilənmiş mədəni dəyərlərin mənimsənilməsi və gündəlik həyata tətbiqi vacibdir.

Mədəniyyəti sadəcə davranış kodeksi kimi yox, daim inkişaf edən, dəyişən və cəmiyyət həyatını dəyişdirən, fərdi qabiliyyətləri cilalayan və saflaşdıran dinamik bir proses kimi qavramaq lazımdır. Konsepsiyanın qəbul olunması və tətbiqi cəmiyyətin bütün təbəqələrinin ortaq səyi ilə mümkündür.

Burada təhsil sisteminin rolu xüsusi əhəmiyyət daşıyır. İnsan kiçik yaşlardan başlayaraq mədəni mühitdə təlim-tərbiyə almalı və dünyaya baxışı çağdaş dövrün tələbləri əsasında formalaşdırılmalıdır. Bu, təhsil sisteminin birbaşa vəzifəsidir. Cəmiyyət ölkənin təhsil sisteminə həssas yanaşmalı və lazımi islahatların həyata keçirilməsinə dəstək verməlidir. Təhsil sahəsində görüləsi işlər çoxdur. Ən önəmlisi isə təhsil sistemi ilə xalq arasında təbii və faydalı qarşılıqlı əlaqənin təmin edilməsi, cəmiyyətin bütün təbəqələrinin yeni nəslin çağdaş mədəni dəyərlər üzərində yetişdirilməsinə töhfə verməsidir".

Chosen
29
azedu.az

1Sources