EN

Repetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?

Fərdi repetitor fəaliyyəti göstərən bir şəxs vergi uçotuna alınmadan fəaliyyət göstərirsə, qanunvericiliyə əsasən həmin şəxsin hansı vergi öhdəlikləri yaranır? Bu halda ona hansı inzibati tədbirlər və cərimələr tətbiq olunur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur. Bununla yanaşı, vergi ödəyicisi mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, eləcə də vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ var.

Əlavə olaraq bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vergi uçotuna alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğulolma nəticəsində əldə edilən gəlirin miqdarından asılı olaraq, şəxs İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə və ya Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, müvafiq olaraq, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 33.4-cü, 58.2-ci, 67-ci maddələri, İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi və Cinayət Məcəlləsinin 192-ci maddəsi

Chosen
11
vergiler.az

1Sources