EN

Orta dəhliz kartı açıldı: Zəngəzur üzərində böyük toqquşma başlayır

Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə regiondakı nəqliyyat dəhlizləri təkcə iqtisadi deyil, həm də strateji və siyasi baxımdan ön plana çıxır. Xüsusilə Azərbaycanı Mərkəzi Asiya və Avropa arasında mühüm tranzit mərkəzinə çevirə biləcək layihələr ətrafında müzakirələrin intensivləşməsi diqqət çəkir. Bu kontekstdə Zəngəzur istiqamətində yaranan geosiyasi dinamika müxtəlif ekspert çevrələrinin diqqət mərkəzindədir.

Politoloq Oqtay Qasımov bildirib ki, Rusiya-Ukrayna müharibəsi, eləcə də ABŞ-İran qarşıdurması Orta dəhlizin əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb:

“Çini Avropa ilə birləşdirən bir neçə əsas marşrut mövcuddur. Bu marşrutlardan biri Çin-Rusiya xətti idi ki, Ukrayna müharibəsi səbəbindən faktiki olaraq fəaliyyətini itirib. Digər istiqamət isə Qırmızı dəniz üzərindən Süveyş kanalı vasitəsilə Avropaya uzanan yoldur ki, burada da ciddi risklər qalmaqdadır.

ABŞ-İran qarşıdurmasından sonra bu kommunikasiya xətti də müəyyən təhlükələrlə üzləşib. Çünki sözügedən coğrafiya münaqişə riski yüksək olan bölgə hesab olunur. Məhz bu səbəbdən Orta dəhlizin strateji əhəmiyyəti xeyli artıb və bu yanaşma reallığı əks etdirir”.

Qasımovun fikrincə, bu proses Zəngəzur dəhlizi ətrafında rəqabətin daha da güclənəcəyini göstərir:

“Çünki bu layihə həm regional, həm də qlobal güclərin maraq dairəsindədir. Həmin maraqların toqquşması isə bölgədə gərginliyi artırmaqla yanaşı, dəhlizin açılmasına mane olmaq istəyən qüvvələrin də aktivləşməsinə səbəb olur. Xüsusilə ABŞ-İran qarşıdurması bu istiqamətdə əlavə risklər yaradır və ümumilikdə səsləndirilən fikirlər müəyyən qədər əsaslı hesab oluna bilər”.

//Gülnarə Abasova, Editor.az

Chosen
37
editor.az

1Sources