Bakı, 17 mart, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəliklərinin dəstəyi ilə "Böyük Qayıdış"ın ruhunu əks etdirən növbəti fləş-mob keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Qarabağı və Şərqi Zəngəzuru əhatə edən bu aksiya çərçivəsində öz evlərinə geri qayıtmış keçmiş məcburi köçkünlər yaşadıqları qürur və sevinc hisslərini çatdırıblar. Videoda Qarabağda və Şərqi Zəngəzurda yaşayan sakinlər yeni həyatın başlanğıcını tərənnüm edən şüarlar səsləndiriblər.
Fləş-mobda müxtəlif nəsillərin nümayəndələri iştirak ediblər. Uzun illərin ayrılığından sonra torpağına qovuşan ağsaqqalların duaları, gənclərin quruculuq əzmi və uşaqların doğma həyətlərdəki şən gülüşləri videonun əsas süjet xəttini təşkil edir. Doğma yurda qayıdan sakinlər səsləndirdikləri şüarlarla yalnız bir fərdin deyil, bütöv bir xalqın qayıdış iradəsini ifadə ediblər.
Videoçarxı təqdim edirik.