EN

“Mədəniyyət haqqında” qanun layihəsi qəbul edildi

Milli Məclisin iclasında “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, müzakirələrdə Mədəniyyət Nazirliyinin məsul şəxsləri də iştirak edib.

Layihə ətrafında geniş müzakirə aparılıb.

Deputat Elçin Mirzəbəyli çıxışında bildirib ki, müzakirə olunan terminoloji məsələ zahirən texniki xarakter daşısa da, əslində qanunvericilik dilinin dəqiqliyi, dövlət siyasətinin konseptual çərçivəsi, Azərbaycan ədəbi dilinin norma və prinsipləri ilə sıx bağlıdır:

“Bu kontekstdə “mədəni və yaradıcı sənayelər” ifadəsinin qanunvericilikdə təsbit edilməsi daha məqsədəuyğun və elmi cəhətdən əsaslandırılmış variant kimi qiymətləndirilir. Azərbaycan dilinin izahlı lüğətinə əsasən, mədəniyyət (isim) - “insan cəmiyyətinin maddi və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin, həmçinin xalqın müəyyən dövrdəki inkişaf səviyyəsinin məcmusudur”.

İzahlı lüğətə görə yaradıcılıq (isim) - “insanın unikallığı ilə seçilən yeni maddi və mənəvi sərvətlər yaratmağa yönəlmiş məqsədyönlü fəaliyyətidir”.

Sənaye (isim) - xammal və materialların hasilatı, emalı və istehsalı ilə məşğul olan, maşın və avadanlıqlar vasitəsilə məhsul yaradan xalq təsərrüfatının aparıcı sahəsidir. Ümumilikdə isə iqtisadi fəaliyyət sahəsidir. “Sənayesi” sözü isə ismin təsirlik halıdır. Azərbaycan dilinin daxili məntiqinə görə, təyini münasibətlər qurularkən əsas tərəfin (sənaye) xüsusiyyətlərini açmaq üçün sifətlərdən istifadə olunması üstünlük təşkil edir”.

Deputat qeyd edib ki, "Mədəniyyət və yaradıcılıq sənayesi" modelində üç isim yan-yana gələrək ağır konstruksiya yaradır:

“Bu, ingilis dilindəki "noun adjunct" (ismin ismi təyin etməsi) quruluşunun birbaşa kalkasıdır və dilimizin atributiv birləşmə prinsiplərinə uyğun deyil. "Mədəni" və "yaradıcı" sözləri sifət funksiyasında çıxış edərək, sənayenin mahiyyətini daha çevik və aydın ifadə edir. Sifət + Sifət + İsim modeli dilin morfoloji imkanlarından daha səmərəli istifadə edir. Terminoloji dəqiqlik baxımından "yaradıcılıq" (proses/məfhum) və "yaradıcı" (xarakter/təyinedici) sözləri arasında ciddi fərq var. Yaradıcılıq sənayesi birləşməsi yaradıcılığın bir xammal kimi emal olunduğu müəssisə təəssüratını yaradır.

Yaradıcı sənaye isə həmin sahənin intellektual və innovativ təbiətini (ontoloji statusunu) göstərir. Eynilə, "mədəniyyət sənayesi" ifadəsi mədəniyyətə aid olan qurumları (izafət münasibəti), "mədəni sənaye" isə fəaliyyətin tipologiyasına işarə edir. Beynəlxalq terminologiyada hər iki təyinedici komponent sifət formasındadır. Azərbaycan dilində bu terminin üç isimlə ifadə edilməsi həm üslubi ağırlıq yaradır, həm də elmi mətndə fikrin axıcılığına mane olur. Akademik yazı normaları mürəkkəb məfhumların daha yığcam və sintaktik cəhətdən əlaqəli ifadə olunmasını tələb edir. Bu baxımdan "Mədəni və yaradıcı sənaye" termini həm Azərbaycan dilinin qrammatik qanunauyğunluqlarına (uzlaşma və idarə əlaqələrinə), həm də terminoloji dəqiqlik prinsiplərinə daha çox uyğundur. Bu formanın istifadəsi elmi ədəbiyyatda üslub xətalarının qarşısını almaqla yanaşı, anlayışın mahiyyətinin daha doğru mənimsənilməsinə xidmət edir.

“Mədəniyyət və yaradıcılıq sənayesi” terminaloji konstruksiyası sintaktik və semantik cəhətdən məhdudlaşdırıcıdır. “Mədəni və yaradıcı sənaye” isə Azərbaycan ədəbi dilinin norma və prinsiplərinə tam uyğundur, hüquqi texnika baxımından daha funksionaldır və yaradıcı iqtisadiyyatının inkişafı üçün daha effektiv hüquqi baza yaradır”.

Müzakirələrdən sonra layihə qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Chosen
3
1
musavat.com

2Sources