EN

San-Marinanın Kapitan-Regenti: Azərbaycan bir sıra beynəlxalq iqtisadi əlaqələrin inkişafına dəstək verən layihələrin iştirakçısıdır

Bakı, 17 mart, AZƏRTAC

XIII Bakı Qlobal Forumunda keçmiş dövlət başçılarının iştirakı heç də təsadüfi xarakter daşımır. Bu şəxslər illər boyu dövlət idarəçiliyində iştirak edərək qlobal siyasi proseslərin dərinliyinə bələd olan siyasi xadimlərdir. Bu gün onların dünyada baş verən hadisə və proseslərə dair fikir, təklifləri əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyev bu platformanı yaratmaqla qlobal problemlərin müzakirəsini təşkil edir və dünyada humanizm prinsiplərinin siyasətdə əsas yerdə olmasını təklif edir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı XIII Qlobal Bakı Forumunda iştirak edən San-Marina Respublikasının Kapitan-Regenti Paolo Randelli deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır.

“Bu gün dünyada baş verən gərgin siyasi proseslər fonunda, enerji daşıyıcılarının qiymətinin artdığı bir zamanda Azərbaycanın böyük bir qitəni enerji ilə təchiz etməsi ticarət əlaqəsi ilə yanaşı həm da praqmatik siyasətdir. Azərbaycan hasil etdiyi təbii qazı Avropa sərhədlərinə nəql etmək üçün geniş infrastruktur inşa edib. Məhz bu infrastrukturdan istifadə olunaraq qaz ixracı həyata keçirilir. Azərbaycan bir sıra beynəlxalq iqtisadi əlaqələrin inkişafına dəstək verən layihələrin iştirakçısıdır. Forumda iqlim dəyişmələri, nəqliyyat dəhlizləri, münaqişələr, urbanizasiya, su problemi və digər problemlər ciddi müzakirə olundu və təkliflər hazırlandı. Təkliflər tövsiyə xarakteri daşıyır. Lakin qeyd etdiyim kimi vaxtı ilə dünya siyasətində aparıcı rol oynayan siyasi xadimlərin problemlərə dair fikirləri nəzərə alınmalıdır”, - deyə Paolo Randelli vurğulayıb.

Chosen
44
1
azertag.az

2Sources