EN

Peşə tanınması üzrə imtahanda 18 nəfər müvəffəqiyyət əldə edib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 mart, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, qeydiyyatdan keçmiş 181 nəfərdən 35-i imtahana gəlməyib. İmtahanda 18 nəfər müvəffəqiyyət əldə edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biliblər. Nəticələr, həmçinin DİM-in saytında yerləşdiriləcək.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması tələb olunur.

İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər martın 18-19-da saat 14:00-dan 16:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) surəti də əlavə edilməlidir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
75
25
azertag.az

10Sources