E.Azadovun sözlərinə görə, Bakı şəhərinin baş planına əsasən, paytaxt daxilində təxminən 16 min istismar müddəti bitmiş bina mövcuddur. Şəhər ətrafı ərazilər də nəzərə alındıqda bu rəqəm 20 minə yaxınlaşır. Bu binalardan 1100-ü tam və ya qismən qəzalı kimi qeydiyyata alınıb. Onların içərisində təxminən 190 bina isə artıq ciddi qəzalıdır və yaşamaq üçün təhlükəlidir: “Orta hesabla hər belə binada 50-60 mənzil olduğunu nəzərə alsaq, ümumilikdə təxminən 1 milyona yaxın yeni mənzilə ehtiyac yaranır. Bu isə o deməkdir ki, 200 min mənzil planı ümumi ehtiyacın çox kiçik bir hissəsini əhatə edir. Əvvəllər Nazirlər Kabinetinin 86 saylı qərarı çərçivəsində pilot layihələr həyata keçirilirdi. Bu qərarın müsbət tərəfi ondan ibarət idi ki, Bakıda yüzlərlə yeni bina tikildi, şəhərin görünüşü dəyişdi və bir çox qəzalı bina aradan qaldırıldı. Lakin 2019-cu ildə həmin qərar ləğv edildi, baxmayaraq ki, praktikada effektiv nəticələr vermişdi. Digər tərəfdən, Nazirlər Kabinetinin 83 saylı qərarı ilə birinci mikrorayonun sökülməsi nəzərdə tutulsa da, 2017-ci ildən bu yana artıq 9 ilə yaxın müddət keçməsinə baxmayaraq, bu proses hələ də tam reallaşdırılmayıb. Təcrübə göstərir ki, bu sahədə indiyədək təxminən 40–50 tikinti şirkəti iştirak edib və ümumilikdə 100-ə yaxın yaşayış kompleksi inşa olunub. Lakin nəzərə alsaq ki, təkcə Bakıda 16 minə yaxın istismar müddəti bitmiş bina var, mövcud şirkət sayı bu yükü qarşılamaq üçün kifayət etmir. Bu isə o deməkdir ki, proses uzandıqca qəzalı binaların sayı daha da artacaq və qısa müddət ərzində yaşayış üçün təhlükəli binaların sayı dəfələrlə çoxalacaq”. Sevinc İbrahimzadə / Metbuat.az