"Hörmüz boğazı ətrafında baş verənlər, dünyanı gözləyən siyasi və iqtisadi baxımdan bu günün ən aktual mövzulardan biridir. Göründüyü kimi, ABŞ-İsrail və İran arasında artıq üçüncü həftədir ki, davam edən müharibə əzbərləri pozdu. Bütün hesablamalar və proqnozlar alt-üst edildi. Dünyada enerji resurslarına olan təlabat xeyli dərəcədə artdı və bu səbəbdən qiymət artımı hər gün tavana vurmaqda davam edir".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, İranın Fars Körfəzindəki rolu və bu günkü addımları gözlənilən idi:
"Sadəcə Tramp Administrasiyası istər daxili auditoriya olsun, istərsə də dünya ictimaiyyətinə yönəlik, ya bilərəkdən, ya da ki səhv hesablamalar nəticəsidə verdiyi məlumatlarda ciddi xətalara yol verdiyini görürük. Bu səbəbdən bu gün Vaşinqtonun çıxılmaz vəziyyətə düşdüyünü qeyd etməmək mümkün deyil. ABŞ-ın NATO-dakı müttəfiqlərinə dəstək vermələri ilə bağlı çağırış etməsi, ABŞ-İsrail cütlüyünün İranda həyata keçirdikləri hərbi əməliyyatlarda ciddi əks-təsirlə üzləşmələrini göstərir və məhz bu səbəbdən Hörmüz boğazında İranın bloklama hərəkətlərinə qarşı birbaşa olaraq hərbi müdaxilə etmək kimi planı işə salmağa ehtiyat edirlər. Bu ciddi qərardır və belə bir vəziyyət baş verərsə bunun nəticələri dünyanın hər yerində hiss olunacaq".
Çingiz Şahbazi qeyd edib ki, İran Hörmüz boğazını bağlamaqla özünün haqlı mövqeyini dünyaya sübut etməyə çalışır:
"İndiki mərhələdə İran əlindəki bu avantajlı mexanizmi məharətlə istifadə etməyi bacarır. Həmçinin İranın sürətli dəniz qayıqları və sahil raket sistemləri, dəniz minaları və pilotsuz uçuş aparatları, ABŞ donanması üçün çətin vəziyyət yaradır və böyük risklər meydana gətirir. ABŞ dünyanın ən güclü donanmasına sahibdir. Buna baxmayaraq Hörmüz müharibəsi asan görünmür. Çünki müharibənin genişmiqyaslı hərbi eskalasiyaya səbəb olma riski yüksəkdir. Əgər müharibə uzanarsa, bunun iqtisadi və siyasi fəsadları dünyanın hər yerində hiss olunacaq və bu hal Tramp Administrasiyası üçün çıxılmaz "pat" vəziyyəti deməkdir.
Süleyman