EN

“Bu, idarəolunmaz silahın küçəyə buraxılması deməkdir” - VACİB AÇIQLAMA

Narkotik vasitələrin təsiri altında sükan arxasına keçən sürücülər müəyyən olunaraq saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) əməkdaşlarının həyata keçirdiyi növbəti nəzarət tədbiri zamanı təhlükəli sürücü zərərsizləşdirilib. Hadisə Ələt–Astara avtomagistralında baş verib. Elvin Bağırlının idarə etdiyi “Lada” markalı avtomobil DYP-nin stasionar postunda saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün davranışları şübhə doğurduğundan o, tibbi müayinəyə cəlb olunub. Müayinə nəticəsində sürücünün narkotik vasitə qəbul etdiyi müəyyən edilib. Elvin Bağırlı da narkotik istifadəçisi olduğunu etiraf edib. Bununla da onun sükan arxasına narkotik təsiri altında əyləşdiyi rəsmən təsdiqlənib. Faktla bağlı sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülərək məsuliyyətə cəlb olunub və o, dərhal hərəkətdən kənarlaşdırılıb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir ki, narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən şəxslər yalnız öz həyatlarını deyil, digər hərəkət iştirakçılarının da həyatını ciddi təhlükə altına atırlar. Qurum belə hallara qarşı daha sərt və prinsipial tədbirlərin davam etdiriləcəyini bildirir.

Paytaxtın Binəqədi rayonunda zərərçəkən polisə müraciət edərək “Chevrolet” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı İ.Papaxov saxlanılıb. Araşdırmalarla məlum olub ki, həmin şəxs taksi fəaliyyəti ilə məşğul olan zərərçəkənin müştəriyə kömək etmək məqsədilə bir neçə dəqiqəlik avtomobildən uzaqlaşmasını fürsət bilərək cinayət əməlini həyata keçirib. Hadisəni törətdikdən sonra İ.Papaxov paytaxtdan Balakən rayonuna doğru hərəkət edərkən polis əməkdaşları onu stasionar postların birində saxlayıblar. Onun davranış və hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçmək üçün müvafiq qaydada tibbi müəssisəyə aparılıb. Müayinə nəticəsində İ.Papaxovun narkotik vasitə qəbul etdiyi məlum olub. Nəqliyyat vasitəsi isə sahibinə geri qaytarılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Keçmiş polis rəisi Mahmud Hacıyev Musavat.com-a deyib ki, Binəqədi rayonunda baş verən avtomobil qaçırılması və ardınca narkotik təsiri altında sükan arxasına keçən şəxsin saxlanılması bir daha göstərir ki, yol hərəkəti təhlükəsizliyi məsələsi artıq təkcə intizam yox, milli təhlükəsizlik səviyyəsində qiymətləndirilməlidir:

“Burada söhbət sadəcə bir sürücünün qayda pozmasından getmir. Bu, cəmiyyətə qarşı açıq təhlükə mənbəyidir. Narkotik vasitə qəbul edən şəxsin sükan arxasına keçməsi faktiki olaraq idarəolunmaz silahın küçəyə buraxılması deməkdir. Belə sürücü artıq nə yol nişanlarını görür, nə məsafəni düzgün qiymətləndirir, nə də adekvat qərar verə bilir”.

MAHMUD.jpg

Sabiq polis rəisi bildirib ki, Binəqədidə baş verən hadisədə İ.Papaxovun əvvəlcə avtomobili oğurlaması, sonra isə həmin nəqliyyat vasitəsi ilə ölkə daxilində sərbəst hərəkət etməyə cəhd göstərməsi hüquqazidd davranışın göstəricisidir:

“Burada özgə əmlakını oğurluq, ictimai təhlükəsizliyə qarşı cinayət var. Üstəlik, onun narkotik təsiri altında olması vəziyyəti daha da ağırlaşdırır. Belə şəxs istənilən an ağır yol-nəqliyyat hadisəsinə səbəb ola bilərdi.

Eyni mənzərəni Ələt–Astara avtomagistralında saxlanılan Elvin Bağırlının timsalında da görürük. Bu cür hallar təsadüfi deyil, sistemli riskdir. Belə risklərin qarşısını almağın yeganə yolu profilaktikanın sərtləşdirilməsi və nəzarətin davamlı xarakter almasıdır”.

Sabiq polis rəisi deyib ki, narkotik istifadəçilərinin sükan arxasına çıxışı maksimum məhdudlaşdırılmalıdır:

“Bunun üçün yalnız yol polisi yox, digər hüquq-mühafizə və səhiyyə strukturları arasında koordinasiya gücləndirilməlidir. Cəzaların qaçılmazlığı təmin olunmalıdır. Cəzanın sərtliyindən daha vacibi onun labüdlüyüdür”.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
78
musavat.com

1Sources