Bu ilin ilk 2 ayında Azərbaycandan 1 milyard 704 milyon dollar dəyərində 3 milyon 600 min ton xam neft və bitumlu süxurlardan alınmış xam neft məhsulları ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 968,4 milyon dollar və ya 36,2%, miqdar ifadəsilə isə 1 milyon 178 min ton, başqa sözlə 24,7% azdır.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 2 milyard 673 milyon dollar dəyərində 4 milyon 778 min ton xam neft ixrac olunmuşdu.
Bu ilin ilk 2 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xam neftin 1 kiloqramının orta ixrac qiyməti 0,47 dollar (təxminən 80 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,56 dollar (təxminən 95 qəpik) idi. Bu da illik müqayisədə 0,09 dollar (15 qəpik) və ya 16,1% ucuzlaşma deməkdir.
Bu il ilk 2 ayda ümumi ixracın 46,51%-i xam neftin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 56,08% təşkil etmişdi.