EN

Azərbaycanın 2026-cı il üçün idman səfirləri seçilib

Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.

Nazirlikdən 90deqiqe.Az-a bildirilib ki, iclasa nazir Fərid Qayıbov sədrlik edib.

İclasda bir sıra vacib məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Belə ki, Uşaq-Gənclər İdman Məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları məktəblərində cüdo üzrə təlim-məşq prosesini tənzimləyən normativlər təsdiqlənib.

Bundan əlavə, idman mütəxəssislərinə fəxri adların verilməsi məsələsinə baxılıb. Kollegiyanın qərarına əsasən, Asxab Kalayev və Rauf Nəbiyev (ağırlıqqaldırma), İslam Nəcəfquliyev (cüdo) “ölkə dərəcəli hakim” adına layiq görülüblər.

Eyni zamanda, Qaşim Maqomedov (taekvondo), İmaməddin Xəlilov və Sabir Zeynalov (parataekvondo) “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adına layiq görülüblər.

İclasda həmçinin federasiyalar tərəfindən təhlükəsiz mühitin təmin olunması və şəxsi toxunulmazlığın qorunması ilə bağlı qaydaların hazırlanması müzakirə edilib. Ölkə yarışlarının keçirilməsinə dair texniki reqlament isə yeni redaktədə təsdiqlənib.

Kollegiya iclasında 2026-cı il üçün “İdman səfirləri” və 2027-ci il üçün “İdman Paytaxtı” ilə bağlı namizədlər də müəyyənləşdirilib. Səsvermənin nəticəsinə əsasən, Ülviyyə Fətəliyeva, Vəfa Musayeva, Aynur Yusifova, Dadaş Dadaşbəyli və Elçin Əsədov “İdman səfiri” seçiliblər.

Yevlax şəhəri isə 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” elan olunub.

 

Chosen
7
90deqiqe.az

1Sources