Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi 1991-ci ildə Ağdam rayonunun Saybalı kəndində anadan olmuş 3 azyaşlı uşaq atası Həsən Quliyevin cinayət işi üzrə hökm çıxarılıb.
Musavat.com xəbər verir ki, Həsən Quliyev 2 bacısına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirməkdə ittiham olunub.
Qanlı hadisə 5 oktyabr 2025-ci il tarixində səhər saatlarında Bakı şəhərinin Nərimanov rayonunda Həsən Quliyevin kirayə yaşadığı mənzildə baş verib. Təqsirləndirilən şəxs mübahisə zəminində əvvəlcə bacısı Şəfiqəyə, daha sonra isə digər bacısı Ülviyyəyə bıçaqla hücum edib.
İstintaq materiallarına görə, mübahisəyə səbəb bacılardan birinin şəxsi həyatı ilə bağlı iradlar olub. Qarşılıqlı təhqirlərdən sonra vəziyyət gərginləşib və təqsirləndirilən şəxs mətbəxdən götürdüyü məişət təyinatlı bıçaqla bacılarına ardıcıl zərbələr endirib. Zərərçəkmişlərdən biri döş qəfəsindən aldığı zərbə nəticəsində ağciyərin zədələnib. Digər bacısının isə bədənində isə çoxsaylı kəsilmiş-deşilmiş yaralar qeydə alınıb. Ekspertiza rəyləri bu xəsarətlərin bir qisminin insan həyatı üçün təhlükəli olduğunu təsdiqləyib və əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi – qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü tam təqsirli bilib. O bildirib ki, bacısının “TikTok” vasitəsilə müxtəlif şəxslərlə əlaqə saxlaması səbəbindən əvvəllər də aralarında narazılıqlar olub. Onun sözlərinə görə, hadisə anında emosiyalarına hakim ola bilməyib: “Çox əsəbləşmişdim, nə etdiyimi tam dərk etmirdim. Bacılarımı öldürmək niyyətim olmayıb”.
O, məhkəmədən ilk dəfə cinayət törətməsini, ailəli olmasını, üç azyaşlı uşağının və xəstə anasının olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edib. Maraqlı məqamlardan biri də zərərçəkmiş şəxslərin məhkəmədə təqsirləndirilən şəxsi bağışlaması olub. Bacılar bildiriblər ki, hadisədən sonra qardaşları ilə barışıblar və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Onlar da məhkəmədən qardaşlarına qarşı yüngül cəza tətbiq olunmasını istəyiblər.
Məhkəmədə dindirilən şahidlərin ifadələri də hadisənin gedişatını təsdiqləyib. Qonşuların sözlərinə görə, səhər saatlarında qışqırıq səsləri eşidilib, yaralı qadınlardan biri kömək üçün qonşu qapısını döyərək sığınacaq istəyib. Daha sonra polis və təcili tibbi yardım əməkdaşları hadisə yerinə cəlb olunaraq zərərçəkmişləri xəstəxanaya çatdırıblar. Məhkəmədə təqsirləndirilən şəxsin əməli tam sübuta yetirilib.
Həsən Quliyevin törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alan məhkəmə onun 1 il 6 ay müddətinə şərti cəzaya məhkum edib.
E.Məmmədəliyev,