Azərbaycanda ikinci əl avtomobil bazarına əsasən Amerika, Koreya və Dubaydan avtomobillər idxal olunur. Lakin son dövrlərdə Yaxın Şərqdə yaranan gərginlik səbəbindən Dubaydan idxal müvəqqəti olaraq dayanıb. Bu amilin bazarda qiymətlərə təsir etdiyi bildirilir.
Day.Az xəbər verir ki, Badamdar avtomobil bazarındakı satıcıların sözlərinə görə, əvvəllər 21 min manata alınan avtomobillər indi 22 500 manata satılır, yəni qiymətlərdə təxminən 1000-1500 manat artım müşahidə olunur. Bəzi avtomobillərin isə İranda qalması və gecikməsi bazarda təklifin azalmasına səbəb olub ki, bu da qiymətlərə təsir edir.
Alıcılar da qiymət artımını təsdiqləyir və bildirirlər ki, əvvəl daha yeni model avtomobillərə verilən məbləğə indi daha köhnə avtomobillər təklif olunur. Bununla belə, maraqlı məqam odur ki, qiymətlər artsa da, bazarda alıcılıq zəifdir. Normalda tələbat az olduqda qiymətlər enməlidir, lakin hazırkı vəziyyətdə bunun əksi müşahidə olunur.
Ekspertlər bu vəziyyəti regionda baş verən münaqişələrlə əlaqələndirir və hesab edirlər ki, bu artım müvəqqəti xarakter daşıyır. Onların fikrincə, satışlar zəif qalarsa, sahibkarlar məcburən qiymətləri aşağı salacaqlar. Lakin idxal marşrutlarında problemlər davam edərsə və avtomobillər alternativ yollarla - daha uzun və baha marşrutlarla gətirilərsə, bu, daşınma xərclərini artıraraq qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər.
Elcan Turan
Day.Az