EN

"Azərbaycan beynəlxalq müzakirələrdə fəal iştirak edir" - ŞƏRH EDİLDİ

"Azərbaycan istənilən dövlət rəsmisi səviyyəsində, xüsusilə beynəlxalq platformalarda və beynəlxalq qurumların nümayəndələri ilə müxtəlif məsələlər ətrafında geniş müzakirələr aparır".

Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Bu müzakirələr, bir qayda olaraq, həm dövlət maraqlarımıza xidmət edir, həm də qlobal problemlərin həllinə müəyyən töhfə verir.

Bu baxımdan Ceyhun Bayramovun keçirdiyi görüşləri və apardığı müzakirələri müsbət qiymətləndirmək olar. Ümumiyyətlə, məlum olduğu kimi, Azərbaycan Dünya Şəhərsalma Forumu­na ev sahibliyi etməklə yalnız ölkə daxilində deyil, qlobal miqyasda da şəhərsalma məsələlərinə nə qədər həssas və diqqətli yanaşdığını bir daha nümayiş etdirir.

Faktiki olaraq biz bu sahədə qabaqcıl mövqedə olmağa çalışırıq və buna müəyyən mənada məcburuq. Bunun əsas səbəbi isə torpaqlarımızın uzun illər işğal altında qalması və şəhər-kəndlərimizin dağıdılması ilə bağlıdır. Bu gün Azərbaycan azad olunmuş ərazilərdə sıfırdan yeni şəhərlər və kəndlər salır. Bu isə bizə unikal təcrübə qazandırır. Əldə olunan bu təcrübənin beynəlxalq səviyyədə paylaşılması və digər ölkələrlə bölüşülməsi baxımından belə görüşlər və müzakirələr olduqca əhəmiyyətlidir.

Bu, həm Azərbaycanın müsbət təcrübəsinin dünyaya təqdim olunmasına, həm də qlobal şəhərsalma sahəsində əməkdaşlığın genişlənməsinə xidmət edir".

Müəllif: Günel Fərzəliyeva
Chosen
19
sia.az

1Sources