EN

Sumqayıtda Ramazan və Novruz bayramları münasibətilə bayram tədbiri təşkil olunub

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD)” İctimai Birliyi tərəfindən təşkilatın bir qrup üzvü üçün Ramazan və Novruz bayramları münasibətilə bayram tədbiri təşkil olunub. Bayram tədbirinin əsas məqsədi təşkilat üzvlərini bir araya gətirmək, onların sosial inteqrasiyasını gücləndirmək, həmçinin qarşıdan gələn bayramların sevincini birlikdə paylaşmaq olub.


QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova iştirakçıları səmimi salamlayaraq Ramazan və Novruz bayramları münasibətilə hər kəsi təbrik edib. O, çıxışında bu bayramların birlik, mərhəmət, həmrəylik və milli dəyərlərimizin yaşadılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Sədr qeyd edib ki, təşkilatın fəaliyyəti çərçivəsində həyata keçirilən tədbirlərin əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların sosial fəallığını artırmaq və ictimai həyatda daha aktiv iştirakını təşviq etməkdir.


Tədbir çərçivəsində təşkilatın fəaliyyətində fəallığı, təşəbbüskarlığı və sosial layihələrdə aktiv iştirakı ilə seçilən bir neçə üzv fəxri fərmanlarla təltif olunub. Həmçinin tədbir zamanı təşkilata yeni qoşulan üzvlərə rəsmi olaraq üzvlük vəsiqələri təqdim edilib və onlara təşkilatın gələcək fəaliyyətində uğurlar arzulanıb.
Daha sonra tədbirə qonaq qismində dəvət olunan “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədr müavini Şəhla Səlimova çıxış edərək iştirakçıları salamlayıb və qarşıdan gələn bayramlar münasibətilə təbriklərini çatdırıb. O, həmçinin təşkilatın sədri Mirzə müəllimin salamlarını da tədbir iştirakçılarına çatdıraraq hər kəsə xoş arzularını bildirib. Şəhla xanım belə tədbirlərin əlilliyi olan şəxslərin sosial fəallığının artırılması və onların cəmiyyətə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.
Bayram tədbiri daha sonra əyləncəli proqramla davam edib. Tədbir çərçivəsində müxtəlif viktorinalar, maraqlı müsabiqələr təşkil olunub, birliyin üzvləri öz musiqi ifaları, rəqs və digər bədii çıxışları ilə tədbirə xüsusi rəng qataraq iştirakçılara xoş anlar yaşadıblar. Səmimi və mehriban atmosferdə keçən tədbir iştirakçılar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanıb.


Tədbirin sonunda ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova tədbirin təşkilində və yüksək səviyyədə keçirilməsində göstərdiyi dəstəyə görə tədbirin aparıcısı Sahil Cəlilzadəyə, eləcə də tədbirin keçirilməsi üçün şərait yaratdığına görə Elçin Palace rəhbərliyinə öz təşəkkürünü bildirib.
Bayram tədbiri iştirakçıların xoş təəssüratları və səmimi ünsiyyəti ilə yadda qalıb.

Chosen
12
qht.az

1Sources