On bir ayın sultanı olan müqəddəs Ramazan ayının başlamasına sayılı günlər qalıb.
Beləcə hər bir müsəlmanın yerinə yetirməli olduğu əsas dini öhdəliklərdən biri də fitrə zəkatını vermək hesab olunur. Hər il olduğu kimi, bu il də cəmiyyət arasında fitrənin qaydaları, verilmə üsulu və məbləği ilə bağlı müxtəlif suallar gündəmə gəlir.
Fitrə zəkatı kimlərə verilməlidir? Minimum məbləğ necə müəyyən olunur?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, fitrə zəkatının məbləğinin müəyyən edilməsində əsas meyar gündəlik ərzaq məhsullarının qiymətidir:

“Fitrə zəkatı imkanı çatan şəxslər tərəfindən ehtiyacı olan, sosial vəziyyəti ağır olan və gündəlik ruzisini təmin etməkdə çətinlik çəkən insanlara verilir. Bu ibadətin əsas məqsədi Ramazan bayramı günü kasıbların da süfrəsinin boş qalmamasını təmin etmək, onların sevincinə şərik olmaqdır.
Fitrə zəkatının verilməsinin ən fəzilətli vaxtı Ramazan ayının sonuncu gecəsindən başlayaraq bayram namazına qədər olan müddət hesab olunur. Əsas məqsəd fitrənin vaxtında ehtiyacı olanlara çatdırılmasıdır ki, onlar bayram günü evlərində yemək bişirə bilsinlər.
Bununla belə, həmin vaxta qədər çatdırmaq mümkün olmadıqda fitrə zəkatını bayramın ilk üç günü ərzində vermək də caiz sayılır. Çünki Ramazan bayramı üç gün davam edir və bu müddət ərzində də fitrə verilə bilər”.
Onun sözlərinə görə, fitrə zəkatı həm ərzaq şəklində, həm də həmin ərzağın pul qarşılığı kimi verilə bilər:
“Fitrə zəkatı üçün istifadə edilən məhsullar bir neçə kateqoriyaya bölünür: arpa, buğda, düyü, lobya, qarabaşaq və s. Hər bir məhsulun qiyməti müxtəlifdir və fərqli sosial vəziyyətdə olan insanlar üçün fərqli imkanlar nəzərdə tutulur.
Məsələn, kasıb şəxslər yalnız arpa dəyərində fitrə verə bilərlər. Arpanın kiloqramı təxminən 40–50 qəpikdir və hər ailə üzvü üçün 3 kiloqram arpa hesab olunur. Daha imkanlı şəxslər isə xurma və ya daha bahalı ərzaq məhsulları ilə fitrə zəkatını yerinə yetirə bilərlər.
Ümumiyyətlə, bir nəfər üçün təxminən 3 kiloqram ərzaq ölçüsü əsas götürülür və ailədəki hər bir üzv üçün ayrıca hesablanır. Bəzən əvvəlcədən konkret məbləğin, məsələn, 10 və ya 15 manatın elan edilməsi doğru yanaşma hesab olunmur. Çünki iqtisadi şərait dəyişkəndir, qiymətlər arta və ya azala bilər”.
İlahiyyatçı qeyd edib ki, insanların maddi imkanları da fərqlidir:
“İslamda ibadətlər insanın gücü çatdığı qədər yerinə yetirilməlidir və bu baxımdan hər kəs öz imkanına uyğun şəkildə fitrə zəkatı verməlidir.
Əgər bir insanın maddi imkanı hətta ən aşağı həddə, məsələn, arpa dəyərində belə fitrə verməyə çatmırsa, o artıq ehtiyacı olan, yəni fəqir sayılır. Belə şəxslərdən fitrə zəkatı tələb olunmur və onlar bu mövzuda narahatlıq keçirməməlidirlər”.