EN

QƏBƏLƏ SAKİNLƏRİ ÇIXILMAZ VƏZİYƏTDƏ Nic mal bazarı niyə hələ də bağlıdır?

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Məlum olduğu kimi, ölkədə dabaq xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ötən ilin oktyabrında bir sıra heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdı. Daha sonra ölkə üzrə aparılan kütləvi vaksinasiya tədbirləri nəticəsində epidemiyanın qarşısı alındı. Həmin bazarların böyük əksəriyyəti yenidən fəaliyyətə başlayaraq əvvəlki qaydada işləyir.

Buna baxmayaraq, Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən və əhali arasında “Nic mal bazarı” kimi tanınan bazarın fəaliyyəti hələ də bərpa olunmayıb. Bu vəziyyət isə Qəbələ rayonu sakinləri arasında ciddi narazılıq yaradıb.

Rayonun kəndlərində yaşayan və əsas gəlir mənbələrindən biri heyvandarlıq olan ailələr daha çətin duruma düşüblər. Onlar uzun müddətdir ki, şəxsi təsərrüfatlarına aid xırda və iribuynuzlu heyvanları bazara çıxarıb satmaq imkanından məhrum ediliblər. Bu da təbii ki, rayonda yaşayan bir çox ailənin maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olub.

“AzPolitika”-ya müraciət edən yerli sakinlər bildirirlər ki, rayonda heyvandarlıqla məşğul olanlar həddən artıq ağır vəziyyətə düşüblər: “Biz həm ailəmizi dolandırmaq, həm də heyvanları yemlə təmin etmək üçün vaxtaşırı bazara heyvan çıxarıb satmaq məcburiyyətindəyik. Ancaq neçə aydır bu imkandan məhrumuq. Həftədə bir gün fəaliyyət göstərən “Nic mal bazarı”nı bağlayıb bizi çarəsiz vəziyyətə salıblar. Nə heyvandarlıqla məşğul olanlar heyvanını sata bilir, nə də almaq istəyənlər heyvan tapa bilir. Qarşıdan Ramazan və Novruz bayramları gəlir. Bayram süfrəsi açmaq üçün biz həmişə heyvan satardıq. İndi nə edək? Haradan pul tapaq?”

Rayon sakinləri bildirirlər ki, bu problem heyvan almaq istəyənləri də çətin vəziyyətə salıb: “Heyvan tapıb almaq da müşkül məsələyə çevrilib. Qəbələ sakinləri heyvan satmaq və almaq üçün başqa rayonlara üz tutmağa məcbur qalırlar. Heyvanını satmaq və ya heyvan almaq üçün Bərdə və Ağdaş kimi rayonlara getməlisən. Lakin hər kəsin belə bir imkanı yoxdur. Apardığın heyvanı sata bilməsən, yol xərcini necə ödəyəcəksən? Niyə 100 minə yaxın əhalisi olan bu rayonun camaatını düşünən yoxdur? İnsanları bu qədər incitmək, narazı salmaq kimin marağındadır?”

Sakinlər bazarın hansı səbəbdən bağlı saxlanıldığını bilmədiklərini deyirlər: “İstəyirik ki, Nic kəndindəki ‘mal bazarı’ bərpa edilsin və ya başqa bir yerdə bu bazar təşkil edilsin. Hamının maşını yoxdur, pulu yoxdur ki, başqa rayona getsin. Çıxılmaz vəziyyətdə qalmışıq.”

Sakinlər bildirirlər ki, Nic kəndindəki mal bazarı təkcə Qəbələ üçün deyil, ətraf rayonların əhalisinin də heyvan alıb-satdığı əsas ticarət məntəqələrindən biridir. 

Diqqət çəkən məqamlardan biri isə odur ki, bazarın açılması üçün bəzi şəxslər tərəfindən tələb olunduğu barədə söz-söhbətlər dolaşır. Sakinlərin sözlərinə görə, rayonda belə fikirlər yayılıb ki, bazarın yenidən fəaliyyətə başlaması üçün qeyri-rəsmi ödənişlər tələb olunur.

Sakinlər mövcud problemin həlli üçün aidiyyəti qurumlardan, xüsusilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan bu məsələyə diqqət yetirməsini xahiş edirlər.

Şikayətdə qeyd olunanlarla bağlı müvafiq qurumların da mövqeyini öyrənməyə çalışacağıq.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

1Sources