Yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimə və protokolların rəsmiləşdirilməsində vətəndaşların hüquqlarını daha etibarlı qoruyacaq yeni mərhələ başlayır. Milli Məclisdə birinci oxunuşda qəbul edilən qanun layihəsi, yol polisi tərəfindən yerindəcə aşkar olunan xətalar zamanı sənədləşmə prosesini kökündən dəyişir. Artıq sürücülər törətdikləri iddia olunan xəta barədə məlumatı günlər sonra elektron kabinetlərindən və ya poçt vasitəsilə deyil, elə hadisə yerindəcə rəsmi sənəd şəklində əldə edəcəklər.
Məsələ ilə bağlı nəqliyyat eksperti Tale Ələddinzadə NOCOMMENT.az-a bildirib ki, bu dəyişikliyin həm sürücülər, həm də inzibati icraatın şəffaflığı üçün nə dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb:
“Bu yenilik yol hərəkəti iştirakçıları ilə dövlət orqanları arasındakı münasibətlərdə subyektiv amilləri minimuma endirməyə hesablanıb. Əvvəlki təcrübədə sürücü saxlanıldıqda xəta ona şifahi izah olunur, protokolun isə sistemə vurulacağı bildirilirdi. Bu da bəzən sürücüdə haqlı şübhələr yaradır, yaxud sənədin surəti vətəndaşa gec çatdığı üçün onun cəriməni endirimlə ödəmək və ya qərardan şikayət etmək hüququndan istifadə müddəti ötürülürdü. Yeni qayda isə vəzifəli şəxsə qəti öhdəlik qoyur: əgər xətanı saxlayıb yerindəcə aşkar etmisənsə, sənədin kağız surətini də elə oradaca təqdim etməlisən”.
Tale Ələddinzadənin sözlərinə görə, bu dəyişiklik həm də hüquqi müdafiə mexanizmini gücləndirir:
“Sənədin kağız daşıyıcıda yerindəcə verilməsi sürücüyə imkan verir ki, o, maddənin düzgün tətbiq olunub-olunmadığını dərhal yoxlasın, qeydlərini və etirazlarını protokolun surətinə əlavə etsin. Bu, gələcəkdə məhkəmə çəkişmələri zamanı sübut bazasının daha dürüst olması deməkdir. Vətəndaş artıq “mənə belə deyilməmişdi” və ya “hadisə başqa cür rəsmiləşdirilib” kimi çətinliklərlə üzləşməyəcək. Hər şey elə o dəqiqə ağ kağız üzərində, möhürlü-imzalı şəkildə sürücüyə təqdim olunacaq”.
Nəqliyyat eksperti həmçinin bildirib ki, qanun layihəsinin qəbulu həm də yol polisinə olan inamı artıracaq:
“Bu, rəsmi qaydada çatdırılma hesab olunduğu üçün dövlətin poçt xərclərinə qənaət edəcək və inzibati tənbeh prosesini sürətləndirəcək. Sürücü üçün isə bu, həm psixoloji, həm də hüquqi rahatlıqdır. O, avtomobilindən düşmədən törətdiyi xətanın mahiyyətini rəsmi sənədlə anlayır və sonrakı addımlarını buna uyğun planlaşdırır. Hesab edirəm ki, Milli Məclisin bu qərarı yol hərəkəti mədəniyyətinin yüksəlməsinə və qanunçuluğun bərqərar olmasına böyük töhfə verəcək”.
Tunar
NOCOMMENT.az