EN

"Novruz falları gələcəyi öyrənmək istəyindən yaranıb" -Professor

"Novruz Bayramı xalqımızın ən qədim və zəngin mənəvi irsini özündə əks etdirən bayramlardan biridir. Bu bayram əsrlər boyu formalaşmış mədəniyyətimizdə, milli dəyərlərimizdə və adət-ənənələrimizdə mühüm yer tutur. Müstəqillik əldə edildikdən sonra Novruzun qeyd olunması daha geniş vüsət alıb, dövlət səviyyəsində daha təntənəli şəkildə keçirilməyə başlanılıb".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru Minaxanım Əsədova İlaxır çərşənbə zamanı edilən fallardan danışarkən bildirdi.

Onun sözlərinə görə, qloballaşma dövründə milli mədəniyyətlərin qorunması və dünyaya tanıdılması xüsusi əhəmiyyət kəsb edir:

"Bu baxımdan Novruzun 2009-cu ildə UNESCO-nun reprezentativ siyahısına daxil edilməsi və 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən 21 martın “Beynəlxalq Novruz Günü” elan olunması bu bayramın beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Novruz yenilənmə, birlik və ümid rəmzidir. O, təbiətin oyanmasını, qışın sona çataraq həyatın yenidən canlanmasını ifadə edir. Təbiətdə baş verən bu yenilənmə insan həyatında da öz əksini tapır: evlər təmizlənir, insanlar mənəvi cəhətdən saflaşmağa çalışır, küsülülər barışır, təmizlik və səmimiyyətə önəm verilir. Bütün bunlar insanın təbiətlə vəhdətdə olduğunu bir daha nümayiş etdirir".

Müsahibimiz əlavə etdi ki, Torpaq çərşənbəsi ilə bağlı adət və inanclar sadəcə folklor nümunələri deyil:

"Onlar insanların təbiətə bağlılığını, həyatın yenilənməsinə olan inamını və cəmiyyət daxilində birlik ehtiyacını əks etdirən qədim dünyagörüşünün bu günə qədər gəlib çatan canlı təzahürüdür. Bi inanclardan biri də fala baxmaq məsələsidir. Ümumiyyətlə, fal xurafat hesab olunsa da, Novruz bayramında bu əyləncə, zarafat xarakteri daşıyır. “Fəlakət, fal və batil inanc” kimi ifadələrdə “batil inanc” termini dini və ya elmi baxımdan əsaslı hesab edilməyən, gerçəkliyə söykənməyən inancları təsvir edir.

İlaxır çərşənbədə fala baxmaq (su falı, qulaq falı, yuxu falı və s.) kimi adətlər qədim zamanlarda insanların gələcəyi öyrənmək istəyindən yaranıb. Dini və elmi baxımdan bu, səbəb-nəticə əlaqəsi olmayan, təsadüfi və əsassız bir inanclardır, yəni “batil inanc” sayılır. Sadə dillə desək, batil inanc – gerçəkliyə söykənməyən, simvolik və ya təsadüfi inancların ümumi adıdır. Bayram günlərində bu ritual əyləncə xarakteri daşıyır. Adətən fala baxmağın mövzusu ailə qurmaq, sevgisinə qovuşmaq xarakteri daşıyır".

Kulturoloq çərşənbə zamanı edilən fallardan da danışdı:

Su falı:
Axar suya niyyət yazır, suyun hərəkətinə baxaraq gələcəkdə baş verəcək hadisələri “təxmin etməyə” çalışırdılar.
İnsanlar inanırdılar ki, suyun hərəkəti arzuların həyata keçməsini və ya bəzi xəbərdarlıqları göstərir.

Qulaq falı:
Şər qarışan zaman adətən subay gənclər qulaq falına çıxardılar, bunu bəzən “qapı pusdu” da adlandırılar. Bu belə yozulurdu ki, nə eşidilsə gələn novruza qədər il o cür başa vurulacaq. Bu adətin müsbət tərəfi ondan ibarətdir ki, ilaxır çərşənbə vaxtı hamı bir-birinə xoş söz desin ki, il uğurla gəlsin.

Yuxu falı:

İlaxır çərşənbə gecəsi görülən yuxuların xüsusi mənası olduğu düşünülürdü. İnsanlar yuxularını gələcəkdə baş verəcək hadisələrə işarə kimi şərh edirdilər. Birmənalı olaraq ilaxır çərşənbədə görülən yuxular müsbətə yozulurdu. 

Minaxanım Əsədova qeyd etdi ki, əslində Novruz bayramının bütün ənənələri bayram əhval ruhiyyəsinə köklənir: "Bu mənada fala baxmaq məsələsi də zarafat, əyləncə kimi qəbul edilir".

Xədicə BAXIŞLI

Chosen
19
1
redaktor.az

2Sources