“Yurdumuza bayramlar qoşa gəlir” – Masallıda ümumrayon tədbiri
Masallıda Novruz bayramına həsr olunmuş geniş ümumrayon tədbiri təşkil edilib. Rayon icra hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda keçirilən bayram şənliyində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, idarə və müəssisələrin kollektivləri, eləcə də ictimaiyyət üzvləri iştirak ediblər.
Tədbir çərçivəsində əvvəlcə rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar meydanda qurulan bayram guşələri ilə tanış olublar. Burada Novruz atributları, xalq sənətkarlığı nümunələri, milli mətbəx təamları və müxtəlif sərgilər nümayiş etdirilib.
Bayram proqramı Lənkəran Dövlət Dram Teatrının aktyorlarının çıxışları və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə davam edib. Şənlikdə Bahar qızı, Kosa və Keçəl obrazlarının iştirakı ilə maraqlı səhnəciklər təqdim olunub.
Çıxış edən icra başçısı Araz Əhmədov Dədə Qorqud obrazı ilə birlikdə xeyir-dua verərək rayon sakinlərini Novruz və Ramazan bayramları münasibətilə təbrik edib, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.
Tədbirin sonunda Araz Əhmədov, Dədə Qorqud obrazı və şəhid övladlarının iştirakı ilə bayram tonqalı alovlandırılıb.
Şənlik iştirakçılara xoş ovqat bəxş edib.
Akif AĞAYEV