EN

Ölkədə uşaq sayı nə üçün azalır?

“Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır”. 

Bu sözləri  Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov parlamentin son plenar iclasında deyib. Onun sözlərinə görə, 2015-ci ildə ölkədə 160 mindən yuxarı uşaq doğulub, 2025-ci ildə bu göstərici 100 minin altında olub. Ə.Əhmədov onu qeyd edib ki, bu göstərici məktəblərdəki şagird sayına da ciddi təsir edəcək. Belə ki, bir neçə ildən sonra şagird sayının təxminən yarım milyon azalacağı proqnozlaşdırılır. Bu halda isə 50 minə yaxın müəllimin isə ixtisar edilmə riski var.

Bəs bu problemdən çıxış yolu nədir və hansı tədbirlər görülməlidir? 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, ölkəmizdə demoqrafik göstəricilərin azalması son illərdə daha aydın şəkildə müşahidə olunmaqdadır: 

“Üstəlik, bu tendensiya artıq cəmiyyətin müxtəlif təbəqələrində hiss edilməyə başlayıb. Əvvəllər ailələrdə 2 və ya 3 uşağın olması adi və arzuolunan hal idi, indi isə ailələr daha çox 1, ən yaxşı halda da 2 uşaqla kifayətlənməyə üstünlük verirlər. Xüsusilə gənc ailələr arasında tək uşaq modelinin geniş yayılması diqqət çəkir”. 

Onun sözlərinə görə, sözügedən dəyişikliyin əsas səbəblərindən biri maddi çətinliklərdir:

“Müasir dövrdə uşağın dünyaya gətirilməsi və böyüdülməsi həm maliyyə, həm də sosial baxımdan çox ciddi məsuliyyət tələb edir. Həmçinin, gənclər arasında mənzil problemi də olduqca geniş yayılıb. Öz evinə sahib olmayan və ya kirayə şəraitində yaşayan gənc ailələr üçün daha çox uşaq planlaşdırmaq çətinləşir. Bu isə birbaşa olaraq doğum səviyyəsinin aşağı düşməsinə təsir edir. Nəticə etibarilə, ölkədə demoqrafik artım tempi zəifləyir”.

Günel Cəlilova

Chosen
28
hit.az

1Sources