Bakı, 17 mart, AZƏRTAC
Yaxın Şərqdə davam edən geosiyasi gərginliklər və xüsusilə Hörmüz boğazının bağlanması ehtimalı beynəlxalq enerji bazarlarında və qlobal ticarət sistemində ciddi risklər formalaşdırır.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, bu ssenari müasir dünya iqtisadiyyatının ən həssas nöqtələrindən birinə təsir göstərərək genişmiqyaslı nəticələrə səbəb ola bilər.
“Hörmüz boğazı dünya üzrə enerji daşımalarının əsas arteriyalarından biri olmaqla, qlobal neft və mayeləşdirilmiş təbii qaz tədarükündə mühüm paya malikdir. Bu strateji marşrutun fəaliyyətinin dayanması enerji bazarında təklifin kəskin azalmasına, qiymətlərin isə sürətlə yüksəlməsinə gətirib çıxaracaq. Belə bir vəziyyət yalnız enerji sektoruna deyil, eyni zamanda sənaye, nəqliyyat və xidmət sahələrinə də mənfi təsir edərək qlobal inflyasiya təzyiqlərini gücləndirəcək. Xüsusilə Avropa və Asiya ölkələri bu prosesdən daha çox təsirlənəcək. Enerji idxalından yüksək dərəcədə asılı olan bu regionlar alternativ mənbə və marşrutlara yönəlmək məcburiyyətində qalacaqlar. Bu isə qlobal enerji xəritəsində yeni balansın formalaşmasına səbəb olacaq. Belə mürəkkəb şəraitdə Azərbaycanın enerji siyasəti və həyata keçirdiyi strateji layihələr xüsusi aktuallıq qazanır. “Azərbaycan uzun illərdir etibarlı enerji tərəfdaşı kimi özünü təsdiqləyib. Ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan alternativ mənbədir. Bu layihə Yaxın Şərqdə və digər regionlarda baş verən risklərin kompensasiyası baxımından xüsusi əhəmiyyət daşıyır”, – deyə Aydın Hüseynov vurğulayıb.
Aydın Hüseynov əlavə edib ki, Bakı–Tbilisi–Ceyhan neft kəməri, TANAP və TAP kimi layihələr təkcə enerji ixracını təmin etmir, həm də geosiyasi sabitliyin möhkəmləndirilməsinə xidmət edir. Bu marşrutların əsas üstünlüyü onların riskli bölgələrdən kənar yerləşməsi və fasiləsiz təchizat imkanları ilə seçilməsidir: “Hörmüz boğazı ətrafında yaranan gərginlik qlobal ticarət və logistika sisteminə də ciddi təsir göstərir. Bu kontekstdə Orta dəhlizin əhəmiyyəti daha da artır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yəni Orta dəhliz Asiya ilə Avropanı birləşdirən ən səmərəli və təhlükəsiz alternativlərdən biridir. Ənənəvi marşrutların geosiyasi risklər səbəbindən qeyri-sabitləşdiyi bir dövrdə bu dəhliz yükdaşımaların davamlılığını təmin edən mühüm xətt kimi çıxış edir. Azərbaycan isə bu marşrutun mərkəzində yerləşərək əsas tranzit və logistika qovşağı rolunu oynayır. Azərbaycanın nəqliyyat infrastrukturu – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir dəmir yolu xətləri və avtomobil magistralları Orta dəhlizin effektiv fəaliyyətini təmin edir. Bu imkanlar yükdaşımaların müddətini əhəmiyyətli dərəcədə azaldır və logistika xərclərinin optimallaşdırılmasına şərait yaradır”.
Deputat qeyd edib ki, Orta dəhlizin inkişafı Azərbaycanın yalnız tranzit ölkə kimi deyil, həm də regional logistika və ticarət mərkəzi kimi mövqeyini gücləndirir.
“Bu marşrut vasitəsilə ölkəmiz Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə verir və yeni geoiqtisadi reallıqlar fonunda öz strateji rolunu daha da möhkəmləndirir. Azərbaycan həm enerji, həm də nəqliyyat-logistika sahəsində etibarlı tərəfdaş kimi beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdə davam edəcək. Mövcud qlobal çağırışlar fonunda ölkəmiz sabitlik, etibarlılıq və davamlı inkişaf prinsiplərinə əsaslanaraq həm regional, həm də beynəlxalq səviyyədə öz strateji rolunu daha da artıracaq”, – deyə deputat fikrini yekunlaşdırıb.