EN

Sağ tərəfdə dayanın, sol tərəfi keçid üçün boş saxlayın ... Eskalatorda doğru dayanmaq da mədəniyyətin göstəricisidir Video

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hər kəsin doğulduğu ailə, yaşadığı mühit, çevrəsi ilə bağlı bir mədəniyyəti formalaşmış olur. Çox zaman yəqin ki, mübahisələr zamanı “mədəniyyətini göstərir”, “mədəniyyətin olsun” və s. kimi ifadələr eşitmisinz. İnsanlar olduqları, yaşadıqları mühitdə formalaşdırdıqları mədəniyyətlərini hər yerdə göstərirlər. Biz isə bu “mədəniyyətlər”ə hər yerdə məruz qalırıq.

Bu gün eskalatordan istifadə mədəniyyətindən danışacağıq. Yəqin ki, hamınız eskalatorda qaçan, sağ-sol tərəfə önəm vermədən dayanan, özündən böyük çantalarını pillələrə düzən sərnişinlərlə qarşılaşmısınız. Bəzi insanlar yan-yana duraraq bütün eskalatoru tutur. Bu da tələsən insanlar üçün narahatlıq yaradır.

Müşahidələr göstərir ki, eskalator mədəniyyəti bir çox hallarda lazımi səviyyədə deyil və insanlar bu sadə qaydalara yetərincə əməl etmirlər. Dünyada qəbul olunmuş sadə bir prinsip var. Eskalatorun sağ tərəfində dayanmaq, sol tərəfi isə tələsən insanların keçidi üçün boş saxlamaq. Əslində bu qayda insanların hərəkətini sürətləndirir və sıxlıq yaranmasının qarşısını alır.

Eskalator mədəniyyətsizliyi diqqətsizlik və məsuliyyətsizlik daşıyan davranışdır. Eskalator üzərində telefonla danışmaq, sosial şəbəkələrə baxmaq və ya ətrafdakı insanlara fikir verməmək tez-tez rast gəlinən hallardandır. Belə davranışlar təkcə hərəkəti ləngitmir, eyni zamanda təhlükəsizlik risklərini də artırır.

Hər bir sərnişin nəzərə almalıdır ki, eskalatorlar hərəkətli mexanizmdir və burada ehtiyatsızlıq yıxılma və ya digər xoşagəlməz hadisələrlə nəticələnə bilər. Bəzən bu mədəniyyətsizliyi maarifləndirmə ilə aradan qaldırmağın mümkün olduğu deyilir. Amma etiraf edək ki, bəzi davranışları maarifləndirmə ilə aradan qaldırmaq mümkün olmur. Bu davranış uşaqlıqdan aşılanmalı öyrədilməlidir. 30 yaşında birinə “eksalatorun sağ tərəfində durmalısan, sol tərəfi buraxmalısan” desən əməlmi edəcək? Təbii ki, etməyəcək.

Atalarımızın bir misalı var: “qananın qanmayana borcludur”. Biz də həyatımızda qarşılaşdığımız bu tip insanlarla ataların misalına uyğun davranmalıyıq. Onsuz da, başqa yolumuz yoxdur.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
106
bizimyol.info

1Sources